"Bizim təhsildə elə bir mühit olmalıdır ki, o, mühit kreativ insanları yetişdirə bilsin". Trend-in məlumatına görə, bunu Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə Azərbaycan Tələbə-Könüllülərin I forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, gənclər özləri özlərinə inanmalıdır: "Gənclərin daxilindəki istəyin əsas mənbəyi bizim zəngin Azərbaycan dövləti olmalıdır. Sizin imkanlarınıza və perspektivlərinizə, qarşınızda açılacaq üfüqlərə inamım hüdudsuzdur".
F.Abdullazadə bugünkü Azərbaycan gənclərinə qibtə eydiyini də deyib: "İlk növbədə, etiraf emək istəyirəm ki, sizin hər birinizə qibtə edirəm. Çünki hər biriniz müstəqil dövlətin gəncləriniz. Bu, öz-özlüyündə sizdə böyük bir qürur və fərəh hissi yaradır. Siz xoşbəxtsiniz ki, kədərli günləri görməmisiniz. Siz sərhədləri bərpa olunan Azərbaycanı görəcəksiniz".
O, qeyd edib ki, hər bir Azərbaycan ailəsində ailə dəyərlərinə, islam ənənələrinə sadiqlik var: "Vətənin əsgəri olmağa hazır olan hər bir gənc başa düşməlidir ki, ən alınmaz qalamız onun fikri, onun ürəyidir. Şükür Allaha ki, bu gün xalqın ideologiyasına zidd olan mentalitet yoxdur".