Azərbaycanda "Tütün və ya tütün məmulatı haqqında" qanunla qadağan olunmuş yerlərdə siqaret çəkilməsinə görə cərimə tətbiq ediləcək. Yeni hazırlanmış İnzibati Xətalar Məcəlləsinə görə, qanunla qadağan edilmiş yerlərdə siqaret çəkən şəxslər 30 manat məbləğində cərimələnəcəklər.
Məcəlləyə əsasən, müəssisələrdə, idarələrdə, təşkilatlarda siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmasının və görünən yerlərdə "siqaret çəkmək qadağandır" xəbərdarlıq yazısı və ya işarəsinin vurulmasının təmin edilməməsinə görə vəzifəli şəxslər 400 manat, hüquqi şəxslər 1000 manat məbləğində cərimə edilir.
Azərbaycanda ictimai nəqliyyat vasitələrində siqaretin çəkilməsi ilə bağlı qadağaların pozulmasına görə, 50 manat cərimə tətbiq edilməsinə artıq başlanılsa da, ictimai nəqliyyatda sürücülərin hələ də siqaret çəkməsi hallarına rast gəlinir.
Siqaret çəkənlərə ictimai nəzarət güclənməlidir
Hüquqşünas Samir İsayev bildirir ki, hazırda cəmiyyətdə siqaretdən istifadəyə qarşı ciddi mübarizənin hüquqi əsası formalaşır və prosesin birdən-birə deyil, mərhələli şəkildə özünü doğruldacağı gözlənilir: "Türkiyə nümunəsi göz önündədir. Hərçənd dünyanın heç bir yerində siqaret əleyhinə ciddi qadağa yoxdur. Sadəcə çəkindirici qanunlar bir müddət işləyib, insanlar onun qaydalarını qəbul edib və bu qaydalara alışıblar.
Biz də ölkəmizdə müsbət dəyişiklərə nail olmaq üçün ictimai nəzarəti gücləndiməliyik. Əgər avtobus sürücüsü bu qadağanı pozursa, imkan var ki, onun şəklini operativ çəkib aidiyyəti orqanlara, yaxud sosial şəbəkələrə yerləşdirək və ya ona yerindəcə etiraz bildirək. Gözləmək olmaz ki, İnzibati Xətalar Məcəlləsi qüvvəyə minən kimi polis, yaxud nəqliyyat müfəttişi əlində qovluq avtobusda, yaxud başqa ictimai yerdə peyda olacaq.
Hər halda, hazırda siqaretdən çəkindirən ciddi hüquqi zəmin yaranır və ümid edirəm ki, müvafiq mexanizm formalaşandan sonra qanun effekt doğuracaq".
Samir İsayevin sözlərinə görə, aktiv siqaret çəkmədən çox passiv siqaret çəkmənin, yəni siqaret çəkəndən çox ətrafda onun tüstüsünü udanın səhhəti daha artıq zərərə məruz qalır ki, buna qarşı da ictimai təpki olmalıdır.
Hazırda cəmiyyətimizdə mentalitetimizə xas olmayan zərərli vərdişlərdən biri də gənc və orta yaşlı qadınlar arasında siqaret aludəçilərinə rast gəlinməsidir. Cəmiyyətdə belə fikir formalaşıb ki, pis nümunə daha çox Türkiyə cəmiyyətindən bizə sirayət edib, çünki qonşu ölkədə siqaret çəkən qadınlar kişilərdən az deyil.
Samir İsayev isə pozitiv düşünür: "İnanmıram ki, patriarxal adət-ənənələrdən kənara çıxan qadınların bu sərbəstliyi mənəvi dəyərlərimizə, dünyagörüşümüzə ciddi şəkildə mənfi təsir edəcək. Hesab edirəm ki, siqaretə qarşı məhdudiyyət qadından-kişidən asılı olmayaraq müsbət effekt verəcək. Bir il, iki il qaydalar qüvvədə olacaq və insanlar dərk edəcək ki, bu zərərli vərdiş onları həm də əlavə xərcə salır".
Hüquqşünas hesab edir ki, bu istiqamətdə sağlamlıqla bağlı sosial reklamların da sayı artmalıdır: "Siqaret çəkmək meyli həm də ölkədə sağlam həyat tərzinin zəif təbliğindən irəli gəlir".
Ən azı 8 faizini sosial reklam üçün ayırmağa borcludur
Siqaret əleyhinə sosial çarxların nümayişinə, maarifləndirici layihələrə rast gəlirik. Amma bunlar barmaqla sayılacaq qədər azdır. Tele-kanallar niyə siqaret əleyhinə sosial çarxlara az yer verir?
"Reklam haqqında" qanunun 10-cu maddəsinə görə, mülkiyyət formasından asılı olmayaraq, hər bir reklam yayıcısı televiziya və radio yayımı zamanı reklam üçün ayrılan efir vaxtının, nəşrlərdəki reklam yerlərinin və reklam qurğularının ümumi sahəsinin ən azı 8 faizini sosial reklam üçün ayırmağa borcludur.
Televiziya və radioda yayımlanan sosial reklamın müddəti reklam üçün ayrılan ümumi efir vaxtına daxil edilmir.
Azad Azərbaycan Televiziyasının (ATV) Xəbərlər redaksiyasının baş redaktoru Vaqif Aydınoğlu bildirdi ki, ATV-nin efiri nəinki tütün əleyhinə sosial çarxlara, bütün mövzularda sosial reklamlara açıqdır: "ATV sosial layihələrə hər zaman dəstək verir. Bəzən sosial çarx adı ilə ictimai əhəmiyyəti olmayan reklamlar təqdim olunur, baxış keçirilir, uyğun bilinmir və yayınlanmır. Siqaretlə bağlı sosial çarxlar da yaymışıq. Amma çox az qeyri-hökumət təşkilatları, müstəqil şirkətlər var ki, sosial reklamlar çəkir".
"Reklam haqqında" qanunda göstərilir ki, sosial reklamın sifarişçiləri dövlət orqanları, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslərdir.
Bir sıra sosial layihələri ilə fərqlənən "Azercell" şirkəti ilə əlaqə saxladıq. Mətbuat xidmətinin rəhbəri Günay Məmmədli bildirdi ki, şirkət "Siqaretsiz həyat daha gözəldir" adlı aksiyanı həyata keçirib: "Bu təşəbbüsdən xəbərdar olan abunəçilər eyni şüar altında 2 dəfə marafon yarışına çıxıb. Həmçinin, bu şüar altında yeni marafonlar da planlaşdırılır".
Gənclər Fondundan da bildirildi ki, bu tipli bir çox layihələr reallaşdırılıb, amma məhz siqaret əleyhinə sosial çarx çəkilməyib.
Çəkdiyiniz hər siqaret sizi ölümə bir addım yaxınlaşdırır
Həkim-diyetoloq Tutu Zeynalovanın sözlərinə görə, ona müraciət edən xəstələr arasında siqaret asılılığından qurtulmaq istəyənlər az deyil. Diyetoloq belə şəxslərə aşağıdakı məsləhətləri verdiyini bildirdi: "Siqareti tərgitmək üçün sadəcə "siqareti tərgitdim " demək yetməz. Siqareti həyatınızdan çıxarmanızın səbəblərini ortaya qoyun. Lazım gələrsə, mütəxəssisdən kömək alın və dumansız həyata başlayın. Siqareti tərgitmə gerçəkləri nədir, bunları bir kağıza yazıb sıx-sıx baxdığınız bir yerə yapışdırın.
Unutmayın: siqaret insanlığın ən böyük düşməni, terrordan da böyük qatilidir. Bir ildə siqaretdən ölənlərin sayı terrordan və qəzalarda ölənlərin sayından 15 dəfə çoxdur".
"Siqaret çəkəndə nə olur" sualına diyetoloq belə cavab verir: "Siqaret damarlarda qan axınını çətinləşdirər, ağ ciyərləri bitirir, göz dibində qanamalara yol açar, beyin qan dövranını pozur, ağız xərçənginə, qırtlaq xərçənginə, ağ ciyər xərçənginə səbəb olur. Fərqində olmasanız belə, çəkdiyiniz hər siqaret sizi ölümə bir addım yaxınlaşdırır. Siqareti tərgitdikdən 20 dəqiqə sonra AT (arterial təyziq) normallaşır, əl-ayaqlar isinir. 8 saat sonra karbonmonoksid bədəndən tamamən atılır. 8 həftə ərzində dad və qoxu hissləri bərpa olur. 12 həftə sonra ağ ciyərlər özünü təmizləmə imkanına qovuşur. 4 ay sonra ağ ciyər funksiyaları 30 faiz artır. 12 ay sonra infarkt keçirmə riski azalmağa başlayır və 2-ci ilin sonunda yarıya düşür. 5 il sonra insult riski azalır, 10 il sonra ağ ciyər xərçəngi riski yarıya düşür.
Bundan başqa, günə 1 qutu siqaret çəkən insan 1 il sonra 1500-2000 manat pul toplamış olur".
Siqaret istəyini azaldan qidalar
Həkim bildirdi ki, siqaret istəyini C vitamini ( tünd yaşıl rəngli və narıncı rəngli meyvə-tərəvəzlər) aşağı salır: "Bundan başqa stress səviyyəsini azaldıb, xoşbəxtlik hormonu serotoninin səviyyəsini artıran qidalara üstünlük vermək tövsiyə olunur. Bunlar, hinduşka əti, banan, kakaolu süd, qoz, badam, fındıqdır. Amma siqareti tərgitdiyinizdə şokolad, tort və fast-food yeyilməməlidir. Əks halda artıq çəki ilə qarşılaşacaqsız".
Diyetoloq dedi ki, siqaret tərgitmək qərarını verən insanın yeni ildə özünə və yaxınlarına edəcəyi ən gözəl hədiyyə "dumansız həyata başlamaq"dır: "Həyatda heç nə və heç vaxt sizin sağlamlığınızdan daha önəmli ola bilməz. Yaşınız neçə olursa-olsun və siqareti neçə müddət istifadə etdiyinizin heç bir fərqi yoxdur, inanın ki, siqareti atdığınız üçün bədəniniz sizə təşəkkür edəcək. Siqaretə xərclədiyiniz pula özünüzə hədiyyə alın. Bir də siqareti tərgitdinizsə, geri dönməmək uçun yazılanları unutmayın".
Sevil Hilalqızı