7 İyun 2014 14:27
1 250
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dələduzluqla üzləşən şəxslər şahid qismində ifadə verdilər

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan “Əzizbəy-KM” MMC-nin təsisçisi Fuad Mirzəyev və cəmiyyətin direktoru Akif Bağırovun məhkəməsi başlayıb.

İttihama görə, MMC-nin təsisçisi Fuad Mirzəyevlə qurumun direktoru Akif Bağırov inşa edilmiş yaşayış binasındakı 18 mənzili və 2 qeyri-yaşayış sahəsini aldatma yolu ilə təkrarən ayrı-ayrı vətəndaşlara saxta müqavilələr əsasında satıblar. Təqsirləndirilən şəxslər ümumilikdə 1 milyon 43 min 584 manat məbləğində pul vəsaitini mənimsəyiblər.

Fuad Mirzəyev və Akif Bağırov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilirlər.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçən prosesdə təqsirləndirilən şəxslər ifadə veriblər. Onlar elan olunmuş ittiham üzrə özlərini günahkar bilməyiblər, müştərilərə qarşı dələduzluq etmədiklərini və belə niyyətlərinin olmadığını deyiblər. Prosesdə iştirak edən zərərçəkmişlər pullarını tələb ediblər.

Şahid qismində ifadə verən Rövşən Axundov deyib ki, MMC-nin inşa etdiyi ərazidə köhnə qarajı olub. MMC-nin məsul şəxsləri həmin qarajı ondan almaq istəyiblər: “Akif müəllim mənə dedi ki, qarajın yerində bina inşa olunacaq, binanın zirzəmisində qarajlardan biri mənə veriləcək. Mən də razılaşdım. Sonradan eşitdim ki, mənə verilmiş qarajı başqa şəxsə də satıblar”.

Rövşən Axundov əlavə edib ki, həmin MMC-dən mənzil də alıb, amma mənzillə bağlı problemi yaranmayıb: “Hər ay mənzilin pulunu MTK-ya ödəmişəm. Qarajın pulu isə 10 min manat hesablanıb. Mən də onlarla razılaşmışam. Sonradan qarajın Mahmud Allahverdiyevə də satıldığını eşitmişəm”.

Digər şahid Füzuli Hüseynov deyib ki, həmin ərazidə olan qarajını MMC-nin əvvəlki direktoru Ziyafət adlı şəxs istəyib: “Ziyafət müəllim dedi ki, inşa olunan binanın zirzəmisindən qaraj verəcəklər. Qarajın qiymətini 4 min manat hesabladı. Amma binada olan qaraj 10 min manat olduğu üçün əlavə 6 min manat ödədim. Sonradan Ziyafət müəllimin işdən çıxdığını eşitdim. Akiflə görüşdüm. Mənə dedi ki, pulun ödənilib, heç bir problem yaranmayacaq. Sonra o da işdən çıxdı. Buna görə də Akif müəllimə zəng etdim. O, ofisə gedərək Fuad Mirzəyevlə görüşməyimi istədi.

Fuad Mirzəyev kompüterə baxaraq mənim adıma həqiqətən qaraj alındığını bildirdi. O, mənimçün bir qaraj “düz-qoş” olunacağını dedi. Həmin gündən sonra heç bir yenilik olmadı. Bu gün qarajım da, pulum da gedib. Bu yaxınlarda işi aparan müstəntiq Elxan müəllimlə görüşdüm. Müstəntiq işin məhkəməyə verildiyini bildirdi. Amma məni iş üzrə zərərçəkmiş kimi tanımayıblar. Mən qarajımı və pulumu istəyirəm".

Məhkəmə iyunun 13-də davam edəcək.

Hacı


Müəllif: