16 Yanvar 2016 16:54
2 718
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan etməsi heç də təsadüfi deyil. Dünyanın bir çox dövlətlərində insanların milliyyətinə, dininə, məhzəbinə görə təqiblərə məruz qaldığı bir dövrdə Azərbaycanda “Multikulturalizm ili” elan olunması ölkəmizin nə qədər doğru yolda olduğunun göstəricisidir.

Son illər Azərbaycanda multikulturalizmlə bağlı çox böyük işlər görülüb.

Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə də bu fikirdədir. Onun sözlərinə görə, uzun illərdir ki, Azərbaycanda bir çox etnik qrupların, mədəniyyətlərin nümayəndələri əməkdaşlıq və qarşılıqlı hörmət şəraitində yaşayırlar: “Bu gün dünyada çox təhlükəli proseslər gedir. Müxtəlif dinlərin, təriqətlərin vüsət aldığı bir dönəmdə Azərbaycanın bu kimi dəyərləri dünyaya böyük töhfə verə bilər. Bu Azərbaycana enerjidən, nəqliyyatdan daha önəmlidir. Və əminəm ki, Azərbaycan multikulturalizmlə bağlı həqiqətləri dünyaya çatdırmaqla dəyərini daha da artıracaq”.

Deputat Zahid Oruc isə hesab edir ki, bu gün dünyada baş verən müharibə və toqquşmalar mədəniyyət uyğunsuzluğundan, dini baxışlardakı konfliktlərdən irəli gəlir: “Ona görə də 2016-cı ili ölkə başçımızın “Multikulturalizm ili” elan etməsi düzgün mövqedir. Nə qədər neft savaşı və başqa iqtisadi niyyət mövcuddursa, etiraf etmək lazıdır ki, Qərbdə uzun illər oturuşmuş bir mövqe var: başqa xalqlar ikinci və üçüncü dərəcəlidirlər. Əsas onların müstəsnalığıdır. Və onlar dünyaya yaxşı texnika, texnologiya, hüquq sistemləri, qanunçuluq ənənələri və s. gətirirlər. Dövlətin ən unikal modellərini onlar qururlar. Geridə qalan xalqların belə bir gücü yoxdur, onlar inkişaf etməyiblər. Mədəni, mənəvi niyyətləri aşağı olduğu üçün onlar idarə olunmağa möhtacdırlar. Guya ki, bu cür seçilmiş haqlar olmasa, dünyanın taleyi qarışar. Hətta bilirsiniz ki, rus imperiyası dövründə də bu cür mövqe vardı. Yəni ki, başqaları üzərində dominantlıq etmək istəyi, hegemoniya. Əslində, faktiki olaraq Adolf Hitlerin nəzəriyyəsi də bu cür mövqedən doğmuşdur. O hesab edirdi ki, müxtəlif xalqlar almanlardan aşağı dayanır. Faşizm 50 milyondan çox insanın həyatını məhv etdi. Bu gün də Avropanı hitlerizmin izlərindən qurtarmaq mümkün olmayıb. Ona görə də cənab prezident mədəniyyətlərarası dialoq mühitinin, barış və həmrəyliyin, humanitar dialoqun vacibliyini bir milli proqram kimi irəli sürür.

Müstəqillik illərini göz önünə gətirsək, o zaman AXC hakimiyyəti guya bu ölkədə yaşayan türklərin mövqeyini qabartmaq naminə digər xalqlara qarşı aşağılayan mövqe tutulurdu. Ulu öndər Heydər Əliyev isə bildirdi ki, bu ölkə hamınındır, burada yaşayan hər bir vətəndaş üçün bu torpaq əzizidir və dövlətin idarəçiliyində, iqtisadi həyatında onlara yer veriləcək.

Hazırda isə cənab Prezident İlham Əliyev, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva da Avropa ölkələrində, Fransada Azərbaycanın tolerant, mədəni mövqeyini, incəsənətini tanıtdırmağa çalışırlar. Bu gün bu xətt xarici siyasət kursunun ən mühüm elementi və istiqamətidir. Prezidentin bu ili “Multikulturalizm ili” elan etməsi milli mənafeyimizə uyğun bir hadisədir. Əminəm ki, yaşadığımız ildə bu istiqamətdə çoxlu tədbirlər, mühüm mübadilə işləri, sərgilər və s. həyata keçiriləcək”.

Rəqsanə


Müəllif: