Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 “Qaynar xətt”i çoxlarına tanışdır. Ekoloji problemlər, məlumatlar, uyğun mövzularda müxtəlif suallara cavabı burdan almaq olar. Ancaq bu dəfə “Qaynar xətt”ə müraciətimizin məqsədi hər hansı problemi həll etmək, suala cavab tapmaq deyildi. Məqsədimiz “Qaynar xətt”in necə işlədiyini müşahidə etməkdir. Ekologiya ilə bağlı sualları cavablandıranlarla tanış olmaq və onları oxuculara təqdim etməkdir.
Beləliklə, 168 “Qaynar xətt”in qaynar fəaliyyət prosesinə qonaq olduq.
Əvvəlcə “Qaynar xətt”in növbətçi qrupunun rəhbəri Eldar Mirzəyevilə söhbətləşdik.
“Biz onları başa düşməliyik”
Növbətçi qrupunun rəhbəri deyir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt” vasitəsilə Azərbaycan ərazisində, o cümlədən Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində baş verən ekoloji fəlakətlər, ətraf mühitin mühafizəsi ilə əlaqədar hüquq pozuntuları və digər narahatedici hallar barədə məlumatları qəbul edir: “Nazirin 2002-ci il sentyabrın 2-də imzaladığı əmrlə ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilən fəaliyyətin təşkilati-hüquqi formasından asılı olmayaraq aidiyyəti idarə, müəssisə və təşkilatlarla, ayrı-ayrı vətəndaşlarla operativ qaydada əlaqələndirilməsini təmin etmək məqsədilə Mərkəzi Aparatda ”Qaynar xətt" rabitə əlaqəsi yaradılıb. Belə bir “Qaynar xətt” sisteminin yaradılması barədə ictimaiyyət məlumatlandırılıb".
Eldar Mirzəyevin sözlərinə görə, 168 “Qaynar xətt”in əməkdaşları hər gün təlimatlandırılır: “Gündəlik daxil olan məlumatlar operatorlar tərəfindən məruzə olunur. Şikayətlərə, təkliflərə baxandan sonra gündəlik operatorlarımız təlimatlandırılır. Çünki müxtəlif insanlar zəng edir və problemlərinin həll olunmasına çalışırlar, biz onları başa düşməliyik. Məqsədimiz odur ki, qaynar xəttimiz insanların problemlərinin daha tez və operativ həlli üçün müraciətləri vaxtında müvafiq qurumlara yönləndirsin. Qeyd edim ki, ”Qaynar xətt"ə şikayətlərdən, problemlərdən əlavə təkliflər də gəlir. İnsanlar müraciət edir, təkliflərini söyləyirlər. Biz onların təkliflərini diqqətlə dinləyir, qeydə alır, müzakirə edir və dəyərləndirik".
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”i 24 saat ərzində fəaliyyət göstərir.
Beş minə yaxın şikayət
Nazirlik rəsmisinin sözlərinə görə, ETSN-nin “Qaynar xətt”inə ötən il ümumilikdə 4194 şikayət daxil olub. Onlardan 3946-sı nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılaraq qanunamüvafiq tədbirlər görülüb, digər müraciətlərin araşdırılması hazırda davam edir: “Daxil olan şikayətlər əsasən ağacların kəsilməsi və aşma təhlükəsinin olması, məişət tullantılarının qalaqlanması, atmosfer havasının çirklənməsi, çirkab suların axıdılması, yerin təkindən istifadə, flora və faunanın mühafizəsi, səs-küy səviyyəsinin normadan artıq olması və sair bu kimi məsələlərlə əlaqədar olub.
Ötən il ərzində Ətraf Mühitin Mühafizəsi Departamentinə göndərilmiş 2169 şikayətdən 2062-si, Dövlət Ekspertiza İdarəsinə göndərilmiş 1129 şikayətdən 1120-si, Meşələrin İnkişafı Departamentinə göndərilmiş 371 şikayətdən 332-si, Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinə göndərilmiş 114 şikayətdən 113-ü, Milli Geoloji Kəşfiyyat Xidmətinə göndərilmiş 318 şikayətdən 237-si, Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinə göndərilmiş 37 şikayətdən 33-ü, İstehsalat Siyasəti Şöbəsinə göndərilmiş 25 şikayətdən 24-ü, Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinə göndərilmiş 26 şikayətdən 20-si üzrə araşdırma başa çatıb, müvafiq tədbirlər görülüb. Bəzi şikayətlərin araşdırılması hələ bitməyib".
Eldar Mirzəyev qeyd etdi ki, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinə göndərilmiş 3 şikayət, Ovçuluq Təsərrüfatlarının İdarə Edilməsi və Ovçuluq Fəaliyyətinə Dövlət Nəzarət Xidmətinə göndərilmiş 2 şikayət araşdırılaraq qanunamüvafiq tədbirlər görülüb.
Uzağı 1 aya...
168 “Qaynar xətt”də 3 ildir işləyən operator Zərnişan Alıyeva deyir ki, daha çox qəzalı ağaclarla bağlı məlumat daxil olur: “Qanunsuz ağac kəsimləri, sürüşmə zonası, ov lisenziyası və digər problemlərlə bağlı müraciətlər çox olur. Rayonlardan isə su təmizləyici qurğuların quraşdırılması ilə bağlı çoxlu zənglər alırıq. Gün ərzində əsasən səhər və ya axşamtərəfi çox zənglər gəlir. Küləkli havalarda zənglərin sayı daha da artır.
Biz daxil olan məlumatları operativ şəkildə hər müəssisənin elektron postuna yönəldirik. Məlumatlar nəzarətdə saxlanılır. Məsələn, qəzalı ağacdan söhbət gedirsə, Dövlət Ekspertiza İdarəsinə göndəririk. Kompüterdə göndərilən məlumatların icrasının nəticələri qeyd olunan bölmə var. İcrası həyata keçirilən kimi biz ondan xəbərdar oluruq. Həmin icralar sistemləşəndən sonra rəhbərliyə məruzə edilir.
İcra üçün ən uzun vaxt bir ay müddətdir. Çünki bu, problemin müxtəlifliyindən asılıdır. Problemin araşdırılması üçün nazirliyin əməkdaşları həmin əraziyə gedirlər. Həll olunmuş problem sistemdə qeyd olunur. Məsələn, beş il bundan öncəki şikayətləri də bizdən istəsələr, onu sistemdən tapıb rəhbərliyə təqdim edirik".
“Bizə hədiyyə verilməlidir”
Operator Əminə Məmmədova deyir ki, gün ərzində fərqli insanlarla ünsiyyətdə olur: “İş prosesimizdən razıyam. İlk vaxtlar, işə təzə başlayanda həyəcan keçirirdim, artıq buna öyrəşmişəm. Biz çalışırıq ki, hər bir şikayətçinin problemini diqqətlə dinləyək və aidiyyəti qurumlara yönəldək. Bəzən nazirliyə aid olmayan şikayətlərlə də müraciət və zəng edirlər. Şikayətlərini bildirirlər, biz də izah edirik ki, digər qurumlarla əlaqə saxlasanız, probleminizin həll olmasına kömək göstərilə bilər. İşlədiyimiz quruma aid müraciətləri isə dərhal müvafiq təşkilata ünvanlayırıq”.
Həmsöhbətim deyir ki, iş prosesi zamanı başına maraqlı hadisələr də gəlir: “Bəzən insanlar 168 ”Qaynar xətt"-ə zəng edir ki, biz sizin mağazadan bonus kartı qazanmışıq, bizə hədiyyə verilməlidir, hansı ünvandan hədiyyəmizi götürək? Başa salırıq ki, siz Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 “Qaynar xətt”-inə zəng etmisiz. Hansı mağazadan bonus kartı qazanmısızsa, həmin ünvana müraciət edin..."
Elmira Salmanova deyir ki, iş qrafiki gərgin, dinamik, eyni zamanda, çox maraqlıdır: “Gərgin işləyirik, amma işimi sevərək yerinə yetirirəm. Çalışırıq ki, ”Qaynar xətt"ə müraciət edən adam nə nazirlikdən, nə də bizim davranışımızdan narazı qalsın. Bu, bir məsuliyyətdir".
İlhamə