Məlum olduğu kimi, Prezidentin 10 noyabr 2015-ci il tarixli sərəncamı ilə “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” 2013-cü il 30 avqust tarixli sərəncamında dəyişikliklər edildi.
Təhsil Nazirliyi iki gün qabaq mətbuat nümayəndələrini toplayaraq bildirdi ki, sərəncama edilən dəyişikliyə əsasən, ali və orta ixtisas təhsil müəssisələrində əyani formada təhsil alan tələbələrə ödənişsiz və ya ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq, təqaüdlər ümumi orta müvəffəqiyyət göstəricisi nəzərə alınmaqla, fənlər üzrə akademik nailiyyətlərinə görə ödəniləcək.
Amma ödənişli əsaslarla ixtisaslara qəbul olunan ali məktəblərin I kurs tələbələri ilk semestrdə, yəni fevralın 1-dək təqaüd almayacaqlar. II semestrdə isə onların təqaüdü birinci semestrin nəticələrinə görə müəyyənləşəcək.
Yeni qaydalarda bakalavriat səviyyəsi üzrə akademik göstəriciləri 91-100 bal olan tələbələrə 95 manat məbləğində “əlacı”, akademik göstəriciləri 71-100 bal olan tələbələrə 80 manat məbləğində “həvəsləndirici”, akademik göstəriciləri 51-100 bal olan tələbələrə isə 50 manat məbləğində “adi” təqaüd veriləcək.
Qeyd edək ki, yeni qaydalara görə, bakalavriat səviyyəsinə dövlət sifarişi ilə qəbul olunan və test imtahanlarında 500-600 bal toplayan tələbələrə “həvəsləndirici”, 600-dən çox balla qəbul olanlara “əlacı” təqaüdləri verilib. Daha aşağı balla qəbul olunan tələbələr isə birinci semestrdə “adi” təqaüd alıblar.
V ixtisas qrupu üzrə (xüsusi qabiliyyət tələb edən ixtisaslardan söhbət gedir) 80 və daha çox bal toplayan, dövlət sifarişi üzrə qəbul olunan tələbələrə “əlaçı” təqaüdləri verilib.
Təhsil Nazirliyindən verilən məlumata görə, birinci yarımildən sonra tələbənin dövlət sifarişi və ya ödənişli əsaslarla təhsil almasından asılı olmayaraq, təqaüd təhsil müəssisəsinə cari ildə dövlət sifarişi ilə qəbul olunmuş tələbələrin ümumi sayı gözlənilməklə və yüksək akademik göstəricilər nəzərə alınmaqla təyin ediləcək.
Yeni qaydalar təhsilə marağı stimullaşdırmağa və tələbələr arasında rəqabət mühitini yaratmağa imkan verəcək. Bu da öz növbəsində, təhsilin keyfiyyətinin yüksəldilməsinə və keyfiyyətli kadr hazırlığına zəmin yaradacaq.
Azərbaycan Dövlət İqtisad Universitetindən (ADİU) bildirildi ki, hazırda üzrlü səbəbdən imtahana gəlməmiş tələbələr üçün imtahanlar təşkil edildiyindən, qış sessiyası hələ başa çatmayıb deyə, bu mövzuda konkret fikir bildirmək mümkün deyil.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Fəxrəddin Yusifovun sözlərinə görə, yeni qaydaların tətbiqi ödənişli təhsil alan tələbələr arasında canlanma yaradıb: “Ötən illərdən fərqli olaraq bu semestr imtahanlarda ödənişli əsaslarla təhsil alan tələbələrin imtahan prosesində necə fəallıq göstərmələrinin şahidi oldum. Çünki ödənişli əsaslarla təhsil alan tələbələrə indiyədək təqaüd verilmədiyinə görə imtahan prosesində onlarda bir həvəssizlik müşahidə olunurdu. Dərs dediyim 80 tələbədən çoxu ödənişli əsaslarla təhsil alırdısa, onlar ikinci dönəm imtahana indiyədək getmirdilər ki, keyfiyyət göstəriciləri yaxşı olsun. Amma bu sərəncam onları hərəkətə gətirdi. Çalışırlar ki, ”4" və “5" qiymətləri çox olsun ki, yüksək təqaüd alsınlar”.
Fəxrəddin Yusifov dedi ki, üstəlik bu il ADPU-da tələbə təqaüdləri ilə bağlı bir pilot layihə də tətbiq olunub ki, bu da onların imtahan prosesində daha da fəallıq göstərməsinə əsas verib: “Deyək ki, 28 tələbənin 50 faizi ikinci dönəm imtahandan ”4", “5" qiymət alarsa, onlara bir ay əlavə həvəsləndirici təqaüd ödəniləcək. Bunun müqabilində tələbələrin keyfiyyət göstəricisi yaxşı olanda həm müəllimin, həm kafedra müdirinin, həm də fakültə dekanının maaşı artır. Bu da ümumilikdə təhsilin keyfiyyətinə stimul yaradır. Əminəm ki, növbəti semestrdə bu hal kütləvi xarakter alacaq”.
Fəxrəddin Yusifov hesab edir ki, imtahan nəticələrinin göstəriciləri tam müəyyənləşdikdən sonra müvafiq limitə uyğun tələbə təqaüdləri tətbiq olunacaq: “Yəni limit müəyyənləşəcək ki, neçə faiz tələbəyə təqaüd verilə bilər. Onların neçə faizi ”5", neçə faizi “4", neçə faizi ”3" və “4" qiymət alan tələbələr olacaqsa, mühasibatlıqda hesablanacaq və müvafiq qərar veriləcək. Artıq təqaüd məsələsində tələbələrə yaşıl işıq yandırılıb. Tələbələrin maraqları təmin olunduğuna görə onların ixtiyarında tək məsələ qalır: oxuduqlarını öyrənmək, əxz eləmək, imtahanda uğurlu nəticə qazanmaq”.
Azərbaycan Turizm və Menecment Universitetinin müəllimi Məhərrəm Zülfüqarlı da tələbə təqaüdlərinə dəyişikliyi təqdir edir. Onun fikrincə, bu dəyişiklik ödənişli əsaslarla təhsil alan tələbələrlə yanaşı, aztəminatlı ailələrdən olan və yüksək akademik göstəricilərlə fərqlənən tələbələrə də təqaüd almaq imkanı yaradır: “Hazırda universitet rəhbərliklərinə imkan verilir ki, dövlət hesabına təhsil alan tələbələr yaxşı oxumurlarsa, onlara təqaüd verilməsin, əvəzində bu təqaüd ödənişli əsaslarla təhsil alan, amma yaxşı oxuyan tələbələrə ödənilsin.
Bununla yanaşı, qaçqın və məcburi köçkün, həmçinin təhsil haqqı dövlət tərəfindən ödənilən digər imtiyazlı ailələrdən olan tələbələr sosial rifah halını yaxşılaşdırmaq imkanı əldə edəcəklər. Dəyişiklik aztəminatlı ailələrdən olan, ödənişli əsaslarla təhsil alan və yüksək akademik göstəricilərlə fərqlənən tələbələrə təqaüd almaq imkanı yaradır".
Sevil Hilalqızı