Azərbaycanda 12271 dərnək fəaliyyət göstərir
Təhsil Problemləri İnstitutunda “Məktəbdənkənar təhsil: problemlər, perspektivlər” mövzusunda dəyirmi masa keçirilib.
TPİ-nin direktor müavini Ənvər Abbasov məktəbdənkənar təhsil müəssisələrinin şagirdin şəxsiyyət kimi formalaşmasında rolu barədə məlumat verib.
İnstitutun “Ümumi təhsilin və məktəbdənkənar təhsilin kurikulumu şöbəsinin müdiri Bibixanım İbadovanın “Məktəbdənkənar təhsil: problemlər, perspektivlər” mövzusunda elektron təqdimatla məruzəsi dinlənilib. O, Azərbaycanda Uşaq idman məktəbləri, Uşaq yaradıcılıq mərkəzi, Şahmat, Texniki yaradıcılıq mərkəzi, Ekoloji tərbiyə və təcrübəçilik mərkəzi, Gənc turist və diyarşünaslıq, Məktəbdənkənar tərbiyə müəssisəsi, Estetik tərbiyə mərkəzi, Uşaq gənclər fiziki hazırlıq kursları adı altında 368 məktəbdənkənar təhsil müəssisəsinin, eləcə də Uşaq musiqi məktəbi, İncəsənət və rəssamlıq məktəbinin və bu təhsil müəssisələrində 12271 dərnəyin fəaliyyət göstərdiyini qeyd edib.
Bibixanım İbadova şagirdlərin arzu və maraqlarına, potensial imkanlarına uyğun seçdiyi dərnəklərin onların asudə vaxtının səmərəli təşkilində, istedad və yaradıcılıq qabiliyyətlərinin inkişafında, fiziki və mənəvi cəhətdən sağlam ruhlu vətəndaş kimi formalaşmasında xüsusi əhəmiyyətə malik olduğunu vurğulayıb.
Daha sonra institutda aparılan tədqiqatlara istinad edərək həmin müəssisələrin mövcud vəziyyəti barədə məlumat verilib. Bildirilib ki, respublikada aparılan təhsil islahatı ilə əlaqədar məktəbdənkənar təhsil müəssisələri də struktur və məzmun baxımından yenilənməsi məqsəduyğundur. Mövcud proqramlar, bəzi müəssisələrin infrastrukturu və maddi-texniki bazası müasir tələblərə cavab vermir.
Sonda məruzəçi problemlərin həlli ilə bağlı məktəbdənkənar təhsil konsepsiyasının, onun əsasında modullar üzrə proqramların (kurikulumların) hazırlanması, məktəbdənkənar təhsil müəssisələrinə müəllimlərin işə qəbul qaydalarının təsdiq olunması, peşəkarlığının yüksəldilməsi üçün təhsil işçilərinin ixtisasartırma kurslarına cəlb edilməsi, onların peşəkarlıqlarının və yaradıcılıqlarının inkişafına şərait yaradılması və stimullaşdırılması, gənc mütəxəssislərin işə cəlb olunması, ali təhsil müəssisələrində məktəbdənkənar təhsillə bağlı kadrların hazırlanması və sair təkliflər irəli sürüb.
Tədbirdə Təhsil Nazirliyinin nümayəndələri, ARTPİ-nin əməkdaşları, məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri və metodistləri iştirak edib.
SEVİL