1 Mart 2016 19:09
531
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqunu qəbul edib.

QMİ-nin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə Azərbaycan və Türkiyə arasında bütün sahələrdə olduğu kimi, dini-mənəvi əlaqələrin inkişaf səviyyəsindən razılıq ifadə olunub.

Bildirilib ki, «bir millət, iki dövlət» olan Türkiyə və Azərbaycan xalqlarının, dövlətlərinin birliyi, qardaşlığı sarsılmazdır və tarixin sınaqlarından keçib. Bu münasibətlərin təməlində duran dəyişməz dəyərlər var olduqca bu millətlərin qardaşlığı davam və inkişaf edəcəkdir.

Azərbaycan və Türkiyə xalqlarının rifah və səadəti üçün dualar edən A.Paşazadə beynəlxalq müstəvidə daima bir-birinə dəstək verən dövlətlərimizə əmniyyət və tərəqqi arzu edib.

QMİ ilə Türkiyə Cümhuriyyəti Diyanət İşləri Başkanlığı arasında əlaqələrin olduqca dəyərli, əhəmiyyətli olduğunu vurğulayan QMİ sədri bu əməkdaşlığın bölgəmiz və ümumən, müsəlman birliyi müstəvisində ənənəvi dini-mənəvi dəyərlərimizin qorunması, inkişaf etdirilməsi üçün zəruri olduğuna diqqəti çəkib.

Səfir İsmayıl Alper Coşqun, öz növbəsində, Azərbaycan xalqının, Qafqazın nüfuzlu, tanınmış, mötəbər şəxsiyyəti kimi səciyyələndirdiyi A. Paşazadə ilə səmimi görüş və söhbətlərindən məmnun olduğunu, Azərbaycan və Türkiyə xalqları arasında tarixi dostluq və qardaşlıq, bütün sahələrdə səmərəli əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsi üçün əlindən gələni əsirgəməyəcəyini diqqətə çatdırıb.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər