2 Mart 2016 22:53
730
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tarixçilərimiz tatar alimləri ilə elmi əməkdaşlığa başlayır

Bu gün AMEA-da Tarix İnstitutunun “Azərbaycan-Rusiya münasibətləri tarixi” şöbəsinin fəaliyyəti çərçivəsində “Azərbaycan-Rusiya qarşılıqlı münasibətləri tarixinin ortaq araşdırılması problemləri” mövzusunda dəyirmi masa keçirildi. Bu dəfəki dəyirmi masa Azərbaycan-Tatarıstan elmi əlaqələrinə həsr olunmuşdu.

Tarix İnstitutunun direktoru, deputat Yaqub Mahmudov tədbirdə açılış nitqi ilə çıxış etdi. 2 mart 2016-cı il tarixini Tarix İnstitutunda əlamətdar gün kimi qiymətləndirən Yaqub Mahmudov bunu Azərbaycana tarixən qardaş olan Tatarıstanla elmi əməkdaşlığın başlanması ilə əlaqələndirdi: “Bu tədbirimiz də Tarix İnstitutunun “Azərbaycan-Rusiya münasibətləri tarixi” şöbəsinin təqdimatı və bu şöbənin fəaliyyəti çərçivəsində ilk tədbir olan tatar alimləri ilə görüşə həsr olunub. Bizimlə görüşə Tatarıstan Respublikası Elmlər Akademiyasının əməkdaşları, 9 nəfərlik heyətlə iştirak edir, o cümlədən Tatarıstan Tarix İnstitutunun direktoru Rafael Xakimov, Tatarıstan Respublika (TR) Elmlər Akademiyasının (EA) müxbir üzvü Radik Salixov, Tatarıstanın Azərbaycandakı daimi nümayəndəliyinin müavini İsmayıl Akmeyev və digər tatar həmkarlarımız da iştirak edir. İsmayıl müəllim Azərbaycanda doğulub, Qarabağ döyüşlərində iştirak etdiyi üçün onu elə azərbaycanlı tatar kimi qəbul edirik”.

“Bizim tatar xalqı ilə ortaq taleyimiz, tariximiz, mədəniyyətimiz, dilimiz, dinimiz və mentalitetimiz var. Ortaq tariximizi bizdən qabaq bizim ulularımız yaşadıblar. Biz Mirzə Cəfər Topçubaşov, Mirzə Kazım bəy, Əli bəy Hüseynzadə, İsmayıl bəy Qaspiralı, Yusif Akçuralı, Əlimərdan bəy Topçubaşov, Nəriman Nərimanov, Bəkir Çobanzadə, Əziz (Qazis) Qubaydullin, Üzeyir Hacıbəyov və onlarla digər böyük tarixi şəxsiyyətlərimizlə qürur duyuruq. Bu iki xalqın insanları tarixi ziyalılarımızın, keçmiş ictimai xadimlərimizin ətrafında birləşiblər. Hər iki xalq xarici hərbi müdaxilələrin, tarixlərimizin saxtalaşadırılmasının, təqiblərin, repressiyaların, irqi ayrı-seçkiliyin və soyqırımların ağır nəticələrini yaşayıb”, - deyə Yaqub Mahmudov qeyd etdi.

Tədbirdə vurğulandı ki, Azərbaycanın 1991-ci ildə müstəqilliyinin bərpasından sonra Tatarıstan ilə yenidən ikitərəfli əməkdaşlıq başlanıb. 1996-cı ildə mərhum Azərbaycan Prezident Heydər Əliyev və Tatarıstan prezidenti Mintimer Şaymiyev tərəfindən ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında saziş imzalanıb. Hazırda Azərbaycan Prezidenti İlham Əliyev və Tatarıstan Prezidenti Rüstəm Minnixanov Azərbaycan və Tatarıstan respublikaları arasında qarşılıqlı əməkdaşlığı uğurla davam etdirir.

Yaqub Mahmudov bildirdi ki, Azərbaycan Respublikası Moskva, Sankt-Peterburq şəhərləri və Rusiya Federasiyasının bütün regionları ilə əməkdaşlıq edir: “Biz Tatarıstan ilə əməkdaşlığa çox şadıq. Azərbaycan və Tatarıstan republikaları arasında tarixən geniş və hərtərəfli qardaşlıq münasibətləri olub, hazırda bu münasibətlər daha da möhkəmləndirilir. Bizlər İsmayıl bəy Qaspiralının məşhur “Dildə birlik, fikirdə birlik, əməldə birlik” çağırışına əsaslanmalıyıq. ”.

Daha sonra tədbirdə Tatarıstan EA-nın vitse-prezidenti, Səhabəddin Mərcani adına Tarix İnstitutunun direktoru Rafael Xakimovun “Tatarıstan Elmlər Akademiyasının Tarix İnstitutunun əsas elmi istiqamətləri”, TR EA-nın müxbir üzvü Radik Salixovun “Kapitalizmin inkişafı və türk birliyi”, tarix elmləri namizədi İlnur Mirqaleyevin “Qızıl Orda və orta əsrlər tatar dövlətləri”, Ş.Mərcani adına Tarix İnstitutunun elmi katibi Baxtiyar İzmaylovun “Rusiya dövləti tərkibində tatarlar”, tarix elmləri namizədi Aleksey Buşuyevin “Tatarlar və Tatarıstan 20-21-ci əsrlərdə”, tarix elmləri namizədi Aydar Noqmanovun “Tatarıstan Respublikasının yaşayış məntəqələrinin tarixinin öyrənilməsi”, tarix elmləri doktoru Liliya Qabdrafikovanın “Tatarların tarixi antropologiyası” mövzularında məruzələr dinlənildi.

Dəyirmi masada Azərbaycandan isə AMEA Tarix İnstitutunun əməkdaşları - elmi işlər üzrə direktor müavini Cəbi Bəhramov, “Azərbaycan-Rusiya münasibətləri tarixi” şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Sevinc Əliyeva, tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova, tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyev və başqaları çıxış etdilər.

Daha sonra tədbirdə TR EA Ş.Mərcani adına Tarix İnstitutunun elmi nəşrlərinin təqdimatı olmuşdur.
Dəyirmi masanın sonunda AMEA Tarix İnstitutu ilə TR EA Tarix İnstitutunun direktorları arasında elmi əməkdaşlıq haqqında müqavilə imzalandı.

Sevil HİLALIQIZI


Müəllif:

Oxşar xəbərlər