Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) yeni layihəyə start verib.
Layihə çərçivəsində universitetin gənc müəllimləri orta məktəb şagirdlərinə interaktiv təlimlərlər keçəcəklər. Layihənin keçirilməsində məqsəd universitet ilə məktəb arasında əlaqələrinin formalaşdırılması, şagirdlər arasında ali təhsilə həvəsin stimullaşdırılması və elmin təbliğatını gücləndirmək, o cümlədən gənc müəllimlərin potensialından səmərəli istifadə etməkdir.
Layihənin birinci mərhələsində UNEC-in gənc müəllimi Ramil Cabbarov Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyinin bir qrup şagirdinə interaktiv təlim keçib.
Gənc müəllim R.Cabbarovun təqdimatında keçirilən simulasiya əsaslı təlimdə iştirakçılar xüsusi aktivlik göstəriblər. Şagirdlərə komanda oyunları formasında liderlik, natiqlik, problemlərin həll olunmasında kreativ yanaşma, analitik düşüncə və qiymətləndirmə metodları üzrə bacarıqlar aşılanıb. UNEC tələbələri də şagirdlərin komanda faəliyyətlərində dəstəklərini göstəriblər. Maraqlı və dinamik formada keçən təlimdə şagirdlər öz aralarında çarpaz səsvermə üsulu ilə qalibi müəyyənləşdiriblər.
Layihə çərçivəsində digər məktəblərin şagirdləri ilə mütəmadi görüşlər təşkil ediləcək.
SEVİL