2 Aprel 2016 18:14
829
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 1-i gecə saatlarında Ermənistan ordusu cəbhənin təmas xəttindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində mövqelərimizi iri çaplı silahlardan atəşə tutub. Nəticədə Azərbaycan Silahlı Qüvvələri vəziyyəti qiymətləndirərək düşmənə müvafiq cavab vermək məqsədilə addımlar atıb.

Müdafiə Nazirliyinin məlumatına görə, Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib. Həmçinin Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən və geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli “Lələ təpə” adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib.

Nazirliyin məlumatına görə, aramsız atışma nəticəsində hər iki tərəfdən insan və texnika itkisi yaşanıb. Döyüşlərdə ermənilərə məxsus 6 ədəd tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, o cümlədən yüzdən çox hərbi qulluqçu ölüb və yaralanıb. Düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu şəhid olub. Erməni mövqelərinə aviasiya zərbələri zamanı əməliyyata cəlb olunan 1 ədəd Mi-24 helikopteri düşmən tərəfindən vurulub və 1 ədəd tank mina partlayışı zamanı sıradan çıxıb.

Cəbhədə yaranın durumu, Azərbaycan Ordusunun son addımlarını hərbçi ekspert Azad İsazadə Teleqraf.com-a şərh edib.

Mütəxəssis deyib ki, açıqlanan informasiyalar inandırıcıdır: “Çünki bir neçə mənbədən oxşar informasiya və rəqəmlər gəlir. Azərbaycan Müdafiə Nazirliyinin məlumatı da ortadadır. Nazirlik həm bizim, həm də erməni tərəfinin itkilərini açıqlayıb. Ermənistan tərəfi öz itkilərini təsdiq edib. Hesab edirəm ki, bizim indi aldığımız məlumat ortadadır. Ancaq bu məlumatlar əsasında hər şeyi bilmək çətindir və bəlkə heç lazım da deyil. Ancaq Azərbaycan Ordusu hücuma keçib və torpaqları azad edib. Bu mənada biz itkilərə də hazır olmalıyıq. Hamımız istərdik ki, itkilər maksimum az olsun. Hər bir azad edilən kənd və yüksəklik arxada qalan kəndlərimizin təhlükəsizliyini təmin edəcək. İndi azad edilən yüksəkliklər imkan verəcək ki, düşmən Tərtərin kəndlərinə atəş aça bilməsin. Bu baxımdan ordumuz lazımlı bir addım atıb və bu, təqdir olunmalıdır”.

Əməliyyatların davam etdiyinə diqqət çəkən hərbi ekspert qeyd edib ki, erməni tərəfi düçar olduğu məğlubiyyətlə barışmaya bilər: “Yəqin çalışacaqlar ki, hansısa cavab əməliyyatı keçirsin, təxribatlar törətsinlər. Mən indiki vəziyyəti müsbət qiymətləndirir, hesab edirəm ki, Azərbaycan Ordusunun əməliyyatları uğurla davam edir”.

Mütəxəssis qeyd edib ki, itkilər və orduların yüksək peşəkarlıq qabiliyyətlərini müqayisə etmək fərqli məsələlərdir: “Sözsüz ki, bizim ordumuz hücuma keçib və bu, faktdır. Buna səbəb ermənilərin davamlı təxribatı, mülki əhaliyə atəş açılması və s ola bilər. Biz bunu bir kənara qoyuruq. Faktdır ki, ordumuz irəliləyib. Azı iki kənd azad edilib, bəzi yüksəkliklər nəzarət altına alınıb. Hazırda bu ərazilər bizim ordumuzun nəzarətindədir. İndi söhbət əldə olunan uğurları bərkitmək, azad edilən əraziləri qorumaq və əgər imkan varsa, daha irəli getməkdir. İndi günün ikinci yarısıdır, qaranlıq düşür. Ora dağlıq ərazidir, hələ qar tam əriməyib və s. Yəni döyüş şəraiti rahat və yüngül deyil.

İkinci məqam itkilərlə bağlıdır. Hərbi taktikaya əsasən, hücum edən tərəf daha çox itki verir. Burda silah gücü nəticəsində sözsüz ki, biz ermənilərin müdafiə xətlərini yarıb yüksəklikləri götürmüşük. İtkilərlə bağlı göstərilən rəqəmlərə bir qədər ehtiyatla yanaşmalıyıq. Bir qayda olaraq düşmənin itkilərini hesablamaq çətin olur. Bu itkilər 100 nəfər də, 80 nəfər də, 120 nəfər də ola bilər. Üstəlik erməni tərəfi öz itkilərinin sayını azaltmağa çalışacaq. Bizim də itkilərimiz var, üstəlik yaralananlar da olmamış deyil. Mən açıqlanan rəqəmləri real hesab edirəm. Biz 12 nəfər şəhid vermişiksə, demək yaralı olanlar bir qədər çox olacaq. Ermənilər daha çox itki verib. İtkilər məsələsində ermənilərin xüsusi üstünlüyü yoxdur. Üstəlik, naliyyət baxımından Azərbaycan ordusu üstündür. Məlumdur ki, hücum zamanı düşmənin 15-ə yaxın artilleriya qurğusu məhv edilib. Siz nəzərə alın ki, artilleriya qurğuları heç vaxt ön cəbhədə dayanmır. Əksinə, onlar cəbhə xəttindən uzaq olur. Demək biz bu qurğuları ləğv etmək üçün insan resurslarından deyil, hərbi texnikadan istifadə etmişik. Bəlkə də, Su-24 vertoliyotumuz həmin artilleriya qurğularına zərbələr endirib. Məhv edilən tankların sayı isə 6-dan az deyil. Hesab edirəm ki, bu nəticə pis deyil. Azərbaycan ordusu öz imkanlarını ortaya qoyaraq qısa müddətə düşmənə nəyə qadir olduğunu göstərib”.

Nemət


Müəllif: