8 Aprel 2016 17:40
910
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəbhədə baş verən son hadisələr bayraq mövzusunu yenidən gündəmə gətirdi. Baş verənlərin fonunda bayrağa münasibətin də dəyişdiyini – onun vətənpərvərlik, qələbə və qürur simvoluna çevrildiyini gördük.

Dövlət atributuna olan sevgisini eyvanından, avtomobilindən asmaqla izhar edənlər də oldu, vəziyyətdən istifadə edib onun satış qiymətini qaldıranlar da tapıldı.Bayraqla bağlı bizim öyünə biləcəyimiz ən böyük fakt isə dünyanın ən hündür bayraqlarından birinə sahib olmağımızdır.

“Ginnes”in Dünya Rekordları Təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.

Bu ərəfədə Azərbaycan bayrağına dövlət qurumlarının münasibətini araşdırmaq qərarına gəldik. Yəni hansı dövlət qurumunun öz binası qarşısında bayraq asıb-asımadığına diqqət yetirdik. Qeyd edək ki, “Dövlət bayrağının istifadəsi qaydaları” haqqında Qanunda dövlət bayrağının qaldırılmalı olduğu yerlər göstərilib.

Dövlət bayrağı Prezident Sarayının və dövlət iqamətgahlarının üzərində, Milli Məclisin, Nazirlər Kabinetinin, Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin, Məhkəmə-Hüquq Şurasının, mərkəzi icra hakimiyyəti orqanlarının, Respublika Prokurorluğunun, Mərkəzi Bankın, Mərkəzi Seçki Komissiyasının, Hesablama Palatasının və Naxçıvan Muxtar Respublikasının müvafiq qurumlarının yerləşdiyi binanın üzərində daimi qaldırılmalıdır.

Qanunun dövlət bayrağının digər yerlərdə istifadəsi ilə bağlı bəndində yerli özünüidarə orqanları, qeyri-hökumət təşkilatları, müəssisə və idarə binalarının, habelə yaşayış evlərinin üzərində qaldırılmasına məhdudiyyət qoyulmur.

Qanunda dəyişiklik edilsin

Qanunda adı çəkilmədiyi üçün yerdə qalan nazirlik və dövlət komitələrinin binası üzərində bayraq asıb-asmamaq həmin qurumların öz öhdəsinə buraxılıb. Lakin hüquqşünas Əliməmməd Nuriyev təklif edir ki, bütün dövlət qurumlarının yerləşdiyi binalarda bayraq asılsın.

O bununla bağlı qanunvericiliyə dəyişikilik edilməsini məqbul sayır: “Bütün nazirlik və dövlət qurumlarının binasında bayraq asılması vacibdir. Düzdür, qanunvericilikdə bu, məcburiyyət kimi qeyd olunmayıb. Amma məcburi olsa, vərdişə çevrilər.

Ölkənin ən ağır dönəmlərində, xüsusilə müharibə zamanı bayrağın önəmi daha da artır. Sadə vətəndaşdan tutmuş ali dövlət qurumlarına kimi hər kəsdə və yerdə bayrağın olması ruh yüksəkliyinə təsir edən vacib amildir. Ona görə də qanunvericiliyə baxmayaraq, hər qurumda bayraq asılmasının faydası daha çoxdur.
İqtidarlı-müxalifətli, kateqoriyasından, sosial statusundan asılı olmayaraq xalqı birləşdirən vahid simvollardan biri bayraqdır. Dövlət qurumlarının bu addımı atması adi adamlarda, ailələrdə bayrağa sevgisi aşılayan stimuldur. Çox istərdim, bizdə də bayrağa münasibət ABŞ-da, Türkiyədə, Almaniyada və digər ölkələrdəki kimi olsun. Bayrağa münasibət həm də dövlətiçiliyin, müdafiəsinin möhkəmliyinə olan münasibətdir”.

Dirəyi var, özü yox

Apardığımız müşahidələr zamanı dövlət bayrağının qaldırılmalı olduğu yerlərdə - Prezident Sarayı, Mərkəzi Seçki Komissiyası, Milli Məclis, Nazirlər Kabineti, Konstitusiya Məhkəməsi, icra strukturu kimi Binəqədi Rayon İcra Hakimiyyətinin binasında bayraq asıldığını gördük.

Xarici İşlər Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Vergilər Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Fövqəladə Hallar Nazirliyinin adını çəkmək olar.

Təhsil Nazirliyi, SOCAR, Milli Elmlər Akademiyasının binaları qarşısında isə bayraq görmədik. Bəzilərində də bayrağın dirəyi olsa da, özü yox idi. Qeyd edək ki, belə hallara tez-tez Bakı Şəhər İcra Hakimiyyətində rast gəlinir.

Qurum rəsmiləri bunu bayrağın xüsusi bayraq dirəyində yox, binanın üzərində olması səbəbindən dəyişməyin çətin olması ilə izah edirlər.

“Qanunun qəbulunadək...”

Milli Məclisin sosial-siyasət komitəsinin sədr müavini Musa Quliyev deyir ki, bayraq haqqında qanunun qəbulunadək ondan necə gəldi istifadə olunurdu: “İctimai-siyasi təşkilatlar, müxtəlif qurumlar dövlət bayrağını harda gəldi asırdılar. Bu da dövlətçilik təcrübəsinin zəif olmasından, insanlarda dövlətçilik şüurunun kifayət qədər yetkin olmamasından irəli gəlirdi.

Ona görə vacib idi ki, belə bir qanun qəbul olunsun. Bayraq bir simvoldur. Bu simvolun arxasında isə milli dövlətçiliyimiz, milli şüurumuz, milli mənliyimiz, milli özünüdərkimiz dayanır”.

Bayrağın “olar-olmaz”ları

Millət vəkilinin fikrindən çıxış edərək deyə bilərik ki, bayrağa sevgi və ehtiramımız həm də qanunvericiliyə uyğun olmalıdır.

“Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən bayraq silahlı qüvvələrin və başqa silahlı birləşmələrinin hərbi hissə və hərbi gəmilərində aşağıdakı hallarda qaldırılır:

- Azərbaycan Respublikasının bayram günlərində;

- hərbi andiçmə mərasimində;

- hərbi hissələrə və ya hərbi gəmilərə dövlət mükafatları təqdim edildikdə;

- hərbi hissələr (bölmələr) və ya hərbi gəmilər xarici dövlətin ərazisində (ərazi sularında) olduqda.

Bundan başqa, xarici dövlətin bayrağı altında üzən gəmi Azərbaycanın daxili sularında üzərkən və ya limanında dayanarkən öz bayrağı ilə yanaşı, beynəlxalq dəniz adətlərinə uyğun olaraq Azərbaycan bayrağını da qaldırmalıdır.

Bayrağın yerləşdirilməli olduğu yerlərə Milli Məclisinin iclas salonu, Prezidentin iş otağı, məhkəmələrin iclas salonu, Milli Məclis sədrinin, baş nazirin, Konstitusiya Məhkəməsi sədrinin, Ali Məhkəməsi sədrinin, Məhkəmə-Hüquq Şurası sədrinin, Baş prokurorun, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin, Mərkəzi Bank idarə heyəti sədrinin, Mərkəzi Seçki Komissiyası sədrinin, Hesablama Palatası sədrinin, İnsan hüquqları üzrə müvəkkilin və Naxçıvan Muxtar Respublikasının aidiyyatı şəxslərinin iş otaqları daxildir.

Qanunvericiliyə görə, matəm günlərində dövlət bayrağının dəstəyinin və ya dirəyinin yuxarı hissəsinə eni 10 santimetr olan qara lent bərkidilir və (və ya) dövlət bayrağı bayraq dirəyinin yarısına qədər endirilir. Dövlət bayrağı qeyri-hökumət təşkilatlarının, siyasi partiyaların, müəssisə və idarələrin bayraqları ilə birgə qaldırılırsa (asılırsa) və ya yerləşdirilirsə, həmin bayraqların ölçüsü dövlət bayrağının ölçüsündən böyük ola bilməz.

Eyni zamanda bu bayraqlarla birgə qaldırılırsa (asılırsa) və ya yerləşdirilirsə, qarşıdan baxıldıqda dövlət bayrağı həmin bayraqlardan solda olmalıdır.

Dövlət bayrağı bütöv olmalı və solğun görünməməlidir. Elə qaldırılmalıdır ki, onun parçasının aşağı tərəfi yerdən azı üç metr hündürlükdə olsun.

Bayraqdan istifadəyə dair məhdudiyyətlərə gəlincə, atributdan masaların və ya kürsülərin üstünə örtük kimi sərilə bilməz, oturulan və ayaq basılan yerlərə qoyula bilməz.

Bu cür hərəkətlər qanunvericiliyə uyğun olaraq məsuliyyətə səbəb olur.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər