Bir çox orta məktəblərin kommunal xidmətlərinə qanunsuz müdaxilələr olur. Bakıda bu müdaxilələri şadlıq evləri, bölgələrdə isə fermer təsərrüfatının sahibləri edir.
Teleqraf. com xəbər verir ki, bu sözləri Təhsil Nazirliyinin aparıcı məsləhətçisi Ramil Orucov jurnalistlər üçün təşkil olunan seminarda səsləndirib.
Onun sözlərinə görə, bu problemlər Ərazi Maliyyə Hesablaşma mərkəzlərinin fəaliyyətindən sonra aşkarlanıb:
“Mərkəzlər fəaliyyətə başlayandan sonra iki eyni məktəbin kommunal xərclərində fərqli rəqəmlər aşkarladıq. Araşdırma zamanı bəlli oldu ki, buna səbəb qanunsuz müdaxilələrdir.
Bundan başqa, məktəblərdə əməyin ödənişi, təmirlə bağlı xərclərdə pozuntular üzə çıxıb. Bəzi məktəblərin yaxınlığında qaz xətləri olsa da, onların digər üsulla qızdırıldığını müəyyən etdik. Bu isə qaz çəkilişindən daha çox vəsait tələb edirdi.
Bunun nə məqsədlə edilməsini bilmirik, amma yeni Ərazi Maliyyə Hesablaşma mərkəzləri fəaliyyətə başlayandan sonra artıq bu xərclərə xeyli qənaət olacaq”.
Ramil Orucov bildirib ki, artıq 13 belə mərkəz fəaliyyət göstərir, may ayının 1-dən Balakən və Masallı Mərkəzləri fəaliyyətə başlayacaq.
İlhamə ƏBÜLFƏT