20 Aprel 2016 22:43
1 676
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yenə həmin rayon, həmin qəsəbə... Dar küçələr, buruqların əyilib-qalxdığı neft qoxuyan Mədən ərazisi... İlk dəfə idi ki, reportaj hazırlayacağım ünvana, müsahiblərimlə görüşə tələsmirəm. İlk dəfədir ki, məni mənzil başına aparan yolun uzun olmasını, heç bitməməsini istəyirəm... Şəhid anası ilə görüşməyin, övlad acısı yaşayan atadan yenicə itirdiyi balası ilə bağlı xatirələrini soruşmağın necə ağır olduğunu, şəhid evindən reportaj hazırlayan həmkarlarım yaxşı bilər.

Nə sual verim, haradan başlayım ki, yarası hələ qaysaq belə bağlamayan şəhid valideynləri üçün övladlarından danışmaq çətin olmasın... Elə bu fikirləri götür-qoy edə-edə, mənzil başına yetişdim. Xeyli məsafə qət etsəm də, şəhid Fəxrəddin Qurbanlının yaşadığı evi tapmağımız elə də çətin olmadı. 1-ci Mədən ərazisində yaşayan bütün sakinlər, böyükdən-kiçiyə hamı bu ünvanı çox yaxşı tanıyır. Deyirlər ki, şəhidin böyüdüyü, Vətən uğrunda canından keçərək cənazəsinin çıxdığı bu ev, indi hamı üçün müqəddəsdir.

Şəhid Fəxrəddin Qurbanlının ən böyük arzusu...

Qapını döyüb içəri daxil oluruq. Fəxrəddinin ailə üzvülərini tanımasam da, ilk baxışdan qəmli gözləri qapıya zillənən orta yaşlı qadının Fəxrəddinin anası olduğunu anlayıram. Kresloda əyləşib dizinə döyərək Fəxrəddinin boyunu oxşayan isə ömrünün ixtiyar çağında nəvəsini itirən Həvva nənədir. Elə söhbətə də Həvva nənə ilə başlayırıq: "Fəxrəddinin arzuları çox idi. Amma düşmən onun bu arzularının həyata keçməsinə mane oldu. Balam snayper gülləsinə tuş gələrək bizləri, həyata keçməsini səbirsizliklə gözlədiyi arzularını birdəfəlik tərk etdi. Anası 1-ci qrup əlildir. Gözlərinin müalicəsi üçün vaxtaşırı Moskvaya gedirdi. Fəxrəddini isə mənə əmanət edirdi. Elə əsirdim ki, üstündə... Amandı balama bir xətər toxunmasın. Amandı ac qalmasın, üst-başı çirkli olmasın. Anası gələnə qədər ona əlimin içində baxırdım. Amma vəfasızmış mənim nəvəm... Məni qoyub özü gənc yaşda köçdü dünyadan. Yeganə təsəllimiz odur ki, şəhid olub. Bu Vətən yolunda canından keçib”.
Anası Həzimə xanımla isə danışmaq cəhdimiz ilk dəfə uğursuz oldu. Dərmanlarını qəbul etdikdən, iynələrini vurdurduqdan sonra bizimlə söhbətə başlaya bildi. İlk sözü isə bu oldu: "Bizə deyirdi ki, Murova gedəcəm. Əsgərə gedəndə, Gəncəyə düşdü. Bölünəndən sonra Tərtərdə hərbi xidmətini davam etdirdi. Ön cəbhədə olmaq istəyirdi. Fəxrəddin fəxr ediləsi oğul idi. Biz əslən Qərbi Azərbaycandanıq. Fəxrəddin nəinki Qarabağın, Zəngəzurun ermənilərdə olmasını qəbul edə bilmirdi. Elə sözü bu idi ki, erməniləri bizim torpaqlardan qovub çıxartmaq lazımdır. Nə Zəngəzur, nə də Qarabağ işğal altında qalmamalıdır. Hərdən də özü-özünə əsəbləşirdi ki, nəyi gözləyirik. Niyə bu torpaqlarda erməni gəzib-dolaşmalıdır. Belə oğul idi Fəxrəddin”.

Yarımçıq kəsilən son zəng...

Fəxrəddinlə anasının son danışığı yarımçıq kəsilib. Telefonun balansında pulun bitməsi üzündən. Həzimə xanım hələ də bu danışığın yarımçıq kəsilməsinə yanıb-yaxılır: "Balamla son danışığım aprelin 1-də oldu. Məni soruşdu ki, gözün necədi? Dedi ki, ana səndən narahatam. Birdə dedi ki, tələsirəm, növbəyə gedirəm. Yəqin döyüşü nəzərdə tuturmuş. Ondan sonra oğlumla əlaqəmiz kəsildi. Cəbhədə ermənilərin son təxribatından sonra atası yollandı Fəxrəddinin xidmət keçdiyi hərbi hissəyə. Günlərlə balamdan xəbər ala bilmədik. Nə dirisindən, nə də ölüsündən. Ümid edirdik ki, bəlkə itkin düşüb. Ayın 9-da bizə qara xəbəri gəldi. Fəxrəddinin yaşadığına onun tabutu qapıdan çıxana qədər inanırdım. Hərdən yenə elə bilirəm yuxudur bu yaşadıqlarımız. Balam iyul ayında hərbi xidməti başa vurub bu qapıdan içəri girib boynuma sarılacaq. Mən də onu doyunca qoxlayıb, bağrıma basacam. Fəxrəddini çox qoruyurdum. Hərdən deyirdi ki, ana qoymadın mən uşaqlığımı yaşayım. Üstlərində dururdum ki, təhsil alsın. Azərbaycan universitetində sosial iş fakultəsinə daxil oldu. Universitetdə yaxşı oxudu. Fərqləndi, buna görə, neçə-neçə sertifikat, diplom aldı. Ali təhsilini başa vurub Vətənə borcunu verməyə getdi. Bu Vətən uğrunda da şəhid oldu”.

"Vətən, uğrunda ölmək üçündür...”

Bacısı Fəxriyyə xanım isə bircəcik qardaşının arzularından söz açır. Deyir ki, ailədə iki uşaq olublar. Fəxrəddin evin sonbeşiyi olub. Bacısının sözlərinə görə, Fəxrəddinin arzusu polis olmaq olub. Amma imtahandan kəsilib. Daha sonra isə ali məktəbə qəbul olub: "İctimai işlərdə çox aktiv idi. QHT-lərin tədbirlərinə qatılırdı. Könüllü kimi iştirak edirdi. Arzuları böyük idi qardaşımın. Hərdən zarafata salıb ailə qurmaqdan söz açanda deyirdi ki, birinci karyera qurmaq lazımdır. Qardaşım çox vətənpərvər idi. Mübariz İbrahimovun filminə baxdıqca deyirdi ki, Vətən uğrunda ölmək üçündür. Sözü bu idi ki, bu Vətəndən can əsirgəmək olmaz. Əsirgəmədidə...”.

Şəhid Fəxrəddin Qurbanlı ali məktəbi bitirsə də, diplomunu görmək ona əsgərlikdə nəsib olub. Anasının dediyinə görə, atası diplomunu aparıb əsgərlikdə Fəxrəddinə göstərib: "Yanına getməyimizə razı olmurdu. Deyirdi özünüzü niyə incidirsiz, burda yaxşıyam. Heç bizimlə telefonlada çox danışmırdı. Hərdən küsürdüm ki, Fəxrəddin, niyə telefonla tez-tez zəngləşmirsən. Deyirdi "ay ana, telefon nədi ki, ona görə özümə söz götürüm”. Çox məsuliyyətli idi Fəxrəddin.

Sonuncu doğum günü, sonuncu görüş...

Fəxrəddinin evə son gəlişi ad gününə təsadüf edib. Yanvarın 13-də 22 yaşını qeyd edib Fəxrəddin. Bu onun son dəfə ailəsi ilə birgə keçirdiyi doğum günü törəni olub. Sadə bir ad günü törəni... Heç Novruz bayramında da valideyinlərinin ona bayram şəkərburası aparmasına razı olmayıb Fəxrəddin. Bacısı deyirdi ki, Fəxrəddin hər zaman özünə şərəfli ölüm arzulayırdı: "Sözü o idi ki, hərə bir cür ölür, biri xəstələnir, biri yol qəzasında ölür, biri qocalır ölür. Əsil ölüm isə şərəfli ölümdür. Şəhid olmaq... Elə bu arzusuna da qovuşdu Fəxrəddin".

Anası deyir ki, son sözü görüşəndə belə olub Fəxrəddinin: "Gedibdə gəlməmək, gəlibdə görməmək var. O vaxt başa düşmədim bu sözü. İndi anlayıram nə demək istədiyini. Getdi görmədik. Gəldi amma onu görmək nəsib olmadı bizə. Yəni yalnız tabutunu gördük (ağlayır)".

Elədir, gedibdə gəlmədi, amma Seysulan kəndi uğrunda gedən döyüşlərdə sinəsini düşmən gülləsinə sipər edərək irəli atıldı Fəxrəddin. 22 yaşında düşmən tapdağında olan Seysulan kəndinə 24 ildən sonra qədəmlərini basdı. Bu torpağı azad edərək əbədiyyətə, ölümsüzlüyə, ən yüksək zirvəyə ucaldı Fəxrəddin Qurbanlı. Özünün istədiyi kimi şərəfli ölüm yazıldı taleyinə. Ən uca zirvəyə-şəhidlik zirvəsinə ucaldı Fəxrəddin. Özü cismən aramızda olmasa da, adı qəlbimizə əbədi yazıldı qəhrəman şəhidimizin. Allah rəhmət eləsin!!!

Movqe.az şəhidimizin facebook sosial şəbəkəsindəki hesabının linkini də oxuculara təqdim edir. Bu linkə daxil olmaqla şəhidimizin fotoları, statusları ilə tanış ola bilərsiniz. Bu şəhidimiz Fəxrəddin Qurbanlıdan qalan bir xatirədir....


Müəllif:

Oxşar xəbərlər