Ötən gün Şəkidə “Türk dünyasının mədəniyyət paytaxtı - 2016” ilinin təntənəli açılış mərasimi keçirilib.
Teleqraf.com xəbər verir ki, açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, türkdilli ölkələrdən təmsilçilər, çoxsaylı qonaqlar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdən öncə Şəki şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub. Sonra qonaqların XVII əsr Azərbaycan memarlığının nadir nümunəsi - Şəki xan sarayı ilə tanışlığı olub.
Daha sonra qoruq ərazisindəki Yay teatrında tədbirin rəsmi açılış mərasimi keçirilib.
Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev TÜRKSOY tərəfindən həyata keçirilən layihələrin əhəmiyyətindən söz açıb.
O bildirib ki, 2010-cu ildən Şəkidə Azərbaycan Bəstəkarlar İttifaqının təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyinin və şəhər İcra Hakimiyyətinin dəstəyi ilə “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı təşkil olunur, 2014-cü ildə burada I Beynəlxalq Teatr Festivalı keçirilib. Şəkidəki Respublika Atçılıq Turizm Mərkəzində 2007-ci ildən başlayaraq ümummilli liderin xatirəsinə həsr olunmuş Atüstü Milli Oyunlar Festivalı və “Prezident kuboku” uğrunda çövkən yarışları yarışlar keçirilir.
Nazirhəmçinin deyib ki, “Türk dünyasının mədəniyyət paytaxtı” ili çərçivəsində tədbirlər Şəkiyə turistlərin marağı daha da artacaq.
BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir çıxış edərək Şəki şəhərinin qədim mədəniyyətə malik olduğunu vurğulayıb.
Nərmin