3 May 2016 00:33
639
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov mayın 2-də Yaponiyanın ölkəmizdəki səfiri Tsuquo Takahaşi ilə görüşüb.

Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, görüşdə Ə.Həsənov Azərbaycanla Yaponiya arasında əlaqələrin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. Yaponiyanın Azərbaycana dost ölkə olduğunu deyən Baş nazirin müavini qarşılıqlı əməkdaşlığın gələcəkdə də uğurla inkişaf etdiriləcəyinə əminliyini bildirib.

Baş nazirin müavini qeyd edib ki, hazırda işğal altındakı ərazilərimizdən ermənilər tərəfindən narkotik vasitələrin daşınması, narkotik bitkilərin becərilməsi, eləcə də transmilli cinayətkarlıq üçün nəzarət edilməyən zona kimi istifadə olunur və bu ərazilərdə narkotik maddələrin xüsusi laboratoriyalarda emal edilərək müxtəlif ölkələrə göndərilir: "BMT Baş Assambleyasının Dünya Narkotiklər Probleminə və onunla mübarizəyə həsr olunmuş 30-cu Xüsusi Sessiyası zamanı Azərbaycan nümayəndə heyəti Ermənistanın bütün dünya üçün təhlükəli olan belə cinayətkarlıqla məşğul olmasını, bu cür faktları bütün dünya ictimaiyyətinə açıqladı. Ancaq təəssüflər olsun ki, beynəlxalq qurumların qəbul etdikləri qətnamələri icra etməyən işğalçı Ermənistana qarşı belə qanunsuz əməllərin qarşısının alınması üçün ciddi təzyiq göstərilmir və sanksiya tətbiq olunmur".

Ə.Həsənov qaçqınların və məcburi köçkünlərin sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə və beynəlxalq təşkilatlar tərəfindən görülmüş işlərdən də danışıb. O, müstəqilliyimizin ilk illərində qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün bu ölkəni təmsil edən beynəlxalq humanitar təşkilatların xətti ilə azərbaycanlı qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə göstərilən köməkliyə görə Yaponiyaya hökumətinə təşəkkürünü bildirib.

Baş nazirin müavini səfirə aprel ayında qoşunların təmas xəttində baş verən hadisələr barədə də ətraflı məlumat verib və qeyd edib ki, işğalçı Ermənistanın təxribatçı hücumları nəticəsində təmas xəttində yerləşən ərazilərimiz mütəmadi olaraq atəşə tutulub, bunun nəticəsində isə məcburi köçkünlərə və yerli sakinlərə ziyan dəyib, evlər dağıdılıb, hərbiçilər və mülki əhalidən olan sakinlər isə həlak olublar. Diqqətə çatdırılıb ki, sabahdan dağıdılmış mənzillərin bərpasına başlanılacaq və sakinlər öz mənzillərinə qayıdacaqlar.

Ə.Həsənov onu da bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin və xanımı Mehriban Əliyevanın təmas xəttində yerləşən rayonlara səfəri, əsgər və zabitlərlə, cəbhəyanı kəndlərin sakinləri ilə və məcburi köçkünlərlə görüşməsi əhalidə böyük ruh yüksəkliyi yaradıb, qələbəyə inamı daha da artırıb: "Bu bir daha onu göstərdi ki, bu gün Azərbaycan Prezidenti ilə xalq arasında, ordu arasında monolit birlik var. Məhz elə bunun nəticəsidir ki, Azərbaycan Ordusu erməni təxribatlarının layiqli cavabını verdi. Bizim Prezidentimiz, dövlətimiz sülhsevər siyasət yeridir. Biz müharibə istəmirik, problemin sülh yolu ilə həllini istəyirik. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan bir qarış torpağını da güzəştə getməyəcək".

Görüşdə, eyni zamanda BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı nümayəndəliyinin təşəbbüsü və təşkilatçılığı, həmçinin Azərbaycan hökumətinin dəstəyi ilə Yaponiyanın "Fuji Optical" Co.Ltd. şirkətinin rəhbəri, 2006-cı ildə beynəlxalq "Nansen qaçqın mükafatı"na layiq görülmüş dünya şöhrətli oftolmoloq Akio Kanainin rəhbərlik etdiyi heyətin məcburi köçkünlər, qaçqınlar və aztəminatlı insanlar üçün ödənişsiz göz müayinəsi və eynək paylanışı ilə bağlı növbəti səfəri ilə bağlı geniş müzakirələr aparılıb. Ə.Həsənov Yaponiyaya rəsmi səfərini, keçirdiyi görüşləri, eyni zamanda Sapporo şəhərində "Fuji Optical Co.LTD" şirkətinin müəssisində olduğunu xatırladıb və A.Kanainin rəhbərliyi ilə bu xeyirxah missiyanın növbəti səfərinin uğurla həyata keçirilməsi üçün Azərbaycan hökuməti tərəfindən hərtərəfli şərait yaradılacağını və bunun ən böyük humanistlik və xeyirxahlıq nümunəsi olduğunu diqqətə çatdırıb.

Baş nazirin müavini vurğulayıb ki, 2005-ci ildən başlayaraq hər il ölkəmizə səfər edən bu missiya ümumilikdə Azərbaycandakı fəaliyyətinin yerinə yetirilməsi üçün 2 milyon ABŞ dollarınadək vəsait xərcləyib. 43 minədək yüksək keyfiyyətli optik eynək və digər əşyalar BMT QAK-ın Azərbaycandakı fəaliyyətinə ianə kimi ölkəyə gətirilib, qaçqın, məcburi köçkün və aztəminatlı şəxslərə paylanılıb. Ümumilikdə, 22 mindən çox qaçqın, məcburi köçkün və aztəminatlı şəxs BMT QAK-ın Azərbaycandakı nümayəndəliyinin aidiyyəti mərkəzi və yerli hakimiyyət qurumları ilə birgə şərait yaratdığı ödənişsiz göz müayinəsi xidmətlərindən faydalanıb.

Ətraflı məlumata və səmimi görüşə görə minnətdarlığını bildirən Yaponiyanın ölkəmizdəki səfiri T.Takahaşi Azərbaycanda son illər aparılan abadlıq-quruculuq işlərindən, qaçqın və məcburi köçkünlər üçün yaradılan hər tərəfli şəraitdən məmnun olduğunu qeyd edib və Yaponiya ilə Azərbaycan arasında bütün sahələrdə, eyni zamanda siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib.

Səfir qeyd edib ki, Azərbaycan beynəlxalq aləmdə yalnız iqtisadi sahədə deyil, həmçinin siyasi sahədə də son zamanlar güclənməkdədir: "Bundan əlavə, təbii sərvətlərlə zəngin olan Azərbaycanın neft yataqlarının inkişafında və boru kəmərlərinin çəkilməsində Yaponiya şirkətləri də fəal iştirak edir. Həmçinin Yaponiya şirkətləri Azərbaycanın qeyri-neft sektoruna investisiya yatırmaqda maraqlıdırlar və mən inanıram ki, bu da öz növbəsində, gələcəkdə iqtisadi əlaqələrin daha da inkişaf etməsinə gətirib çıxaracaq".


Müəllif:

Oxşar xəbərlər