- Təbiət Tarixi Muzeyinə necə gedə bilərəm?
- Burda elə muzey yoxdur axı...
- Lermontov küçəsi-3 ünvanda yerləşir.
- Heyvanların sür-sümükləri olan yeri deyirsiz? Gəlin göstərim.
Beləcə muzeyin binasını göstərmək üçün yaxınlıqda işləyən ustanın köməyi ilə deyilən ünvanı tapdıq. Bura muzeydirsə, niyə belə darisqal və çətin tapılan ünvandadır? Yol göstərən susdu.
Ustaya təşəkkür etdikdən sonra muzeyə daxil oldum. İlk dəfədir belə bir muzey görürdüm. Müxtəlif heyvanların sümükləri, skeletlər toplanıb. Çoxlu eksponatlar ensiz dəhlizdə, 3 sıralı rəflərdə nümayiş olunur.
Okeanlardan gətirilən kolleksiyalar
Muzeyin bələdçisi Məsmə Süleymanova Həsən Bəy Zərdabinin adını daşıyan Təbiət Tarixi Muzeyinin yaranmasından danışdı: “Muzey 1930-cu ildə yaranıb. İlk müdiri Rəhimbəy Cəfərov 1923-1930-cu illərdə Azərbaycan Dövlət Muzeyində biologiya şöbəsinin müdiri vəzifəsində çalışıb. 1930-cu ildə Azərbaycan Dövlət Arxivi Muzeyinin təbiət tarixi şöbəsinin ayrıca muzey statusu almasında böyük rolu olub.
Rəhimbəy Cəfərovun əsas elmi fəaliyyəti Binəqədi dördüncü dövr fəqərəli heyvanların öyrənilməsinə həsr olunub.
Muzey iki şöbəyə bölünür: geoloji və zooloji. Geoloji şöbədə Azərbaycanın ərazisində toplanmış minerallar, qazıntılar, süxurlar nümayiş olunur. Bununla yanaşı Sakit və Hind okeanlardan gətirilən mərcanlar kolleksiyası nümayiş edilir”.
2 mindən çox eksponat
Təbiət Tarix Muzeyi həftənin 1-6-cu günləri səhər saat 10: 00-da 17:00-dək ziyarətçiləri qəbul edir. Muzeyə giriş pulsuzdur... Muzeydə 2 mindən çox eksponat var.
Bələdçi deyir ki, heyvanların sümük qalıqlarının çox hissəsi arxivdədir: “Binəqədi dördüncü dövr fauna və flora abidəsində qazıntı işləri davam edir. Ötən və ondan əvvəlki ilin yayında xeyli sümük tapılıb. Onların hansı heyvana məxsusluğu hələlik təyin olunmayıb. Təyin olunsun, muzeydə sərgilənəcək.
Muzey çətin yerdə deyil, sadəcə buranı tapmaq çətindir. Ziyarətçilərin muzeyə gəlməsi üçün istiqamət vurmuşduq, kimsə çıxarıb. Həm də bizim muzeyin başqa və böyük yerə köçürülməsi gözlənir. Burda yer dardır, sümüklər nümayişə təyin olunsa belə, sərgilənməsi mümkün olmayacaq”.
75 min il yaşı olan Binəqədi kərgədanı
Muzeydə müxtəlif heyvan, quş, məməli skeletlərinin nümayiş olunduğunu deyən Məsmə Süleymanova əlavə edir ki, muzeyin ən qədim eksponatı ammonit heyvan qalığıdır: “Ammonit tabaşir dövründə yaşayıb. Hazırda bu heyvanlardan yoxdur. Qazıntılar onların daşlaşmış qabığı tapılıb. Məsələ burasındadır ki, onlarda bədəni qabıqda yerləşib. Ayaqları varmış, dənizin dibində hərəkət edirlərmiş. Elə muzeyimizin ən qədim eksponatı da ammonitdir”.
75 min il yaşı olan Binəqədi kərgədanı bütöv halda tapılıb. Bələdçi bildirdi ki, 1938-ci ildə Binəqədi rayonuna geoloji ekspedisiya təşkil olunub və qazıntı zamanı 3-cü kurs tələbəsi Məstanzadə Qır gölündə axtarış zamanı kərgədanın kəllə sümüyünü tapıb: “Bu barədə müəlliminə xəbər verib. Onlar sümüklərə baxan zaman zəngin kolleksiya olduğunu düşünür və Təbiət Tarix muzeyinə müraciət edirlər.
Həmin əraziyə buradan bioloji ekspedisiya göndərilir. Qazıntı işləri zamanı müxtəlif quşların, heyvanların sümükləri də aşkarlanır. Amma kərgədan bütöv halda üzə sıxıb”.
Bəs niyə bir ərazidə bu qədər heyvan sümüklər olub?
Məsmə Süleymanzadənin fikrincə, buna səbəb Binəqədidə göllərin olmasıdır: “Həmin yerdən neft çıxıb suyun üzünü örtürmüş. Yuxarıdan gölə gələn quşlar suyu görmür, aşağı enir və suda batırmış. Yırtıcı heyvanlar özlərinə asan yem görüb, həmin gölə gəliblər, onlar da tələf olublar. Beləcə, əraziyə bu qədər sümük yığılıb. Aparılan tədqiqatlardan məlum olub ki, qu quşları, çöl qazları, qutanlar və digər quşlar bu göllərdə tələf olublar”.
İlanlar və balıqlar
Binəqədi dördüncü dövr fauna və flora abidəsində əsas qazıntı işləri 1938-ci ildə başlanıb. Məsmə Süleymanova deyir ki, həmin illər Azərbaycanda onurğalılar faunasının öyrənilməsi üçün əsas inkişaf mərhələsi sayılır: “İkinci dünya müharibəsi başlayan vaxt tədqiqatlar dayandırılıb, 1947-ci ildə təkrar davam etdirilib. Daha sonra yenə tədqiqatlar dayandırılıb. 2012-ci ildən yenidən başlanıb və hələ də davam etdirilir. Abidənin ümumi sahəsi 1.43 hektardır”.
Təbiət Tarix Muzeyində balıq növləri də var ki, formalin deyilən maddədə saxlanılır.
Bələdçinin sözlərinə görə, bu eksponatlar çoxdandır təzələnmir: “Çünki yeni eksponat yoxdur. Kifal, qızıl balıq, durna, çəki, okeandan mişar balığı gətirilib. Mişar balığının uzunluğu 6-7 metrdir, muzeydə iki hissəyə ayrılmış vəziyyətdə sərgilənir.
İlan növlərindən gürzə, koramal var. “Qırmızı kitab”a düşmüş heyvanlardan siçan, fil sümükləri də sərgilənir. Azərbaycanda 365 növdən artıq quş var. Onlarda 36 növü “Qırmızı kitab”a düşüb. 23 növ dünyanın “Qırmızı kitab”ına düşüb ki, onlardan da eksponatlar arasında nümunələr var. Muzeyimizdə Azıx mağarasından tapılmış heyvan sümükləri də saxlanır”.
Bu, dinozavr yox, fildir
Məsmə Süleymanova deyir ki, ziyarətçilər əsasən məktəblilər, tələbələr olur: “İyun ayında Tibb Universitetində təhsil alan tələbələrin praktikası başlayır, müəllimlər də onları buraya gətirirlər. Məktəblilər muzeyə daxil olan kimi emosiyalarını gizlədə bilmirlər. İstəyirlər hər şeyə tez-tez baxsınlar. İlk sual o olur ki, bunlar diridir, təbiidir?
“Yox, sadəcə eksponatdır” deyə cavab veririk.
Xaricidən gələn turistlər də olur. Qeyd edim ki, Binəqədidə yerləşən heyvan qəbristanlıqlarından dünyada 20-si var. Lakin flora və fauna növünün zənginliyinə və tarixinə görə Binəqədidəki gölün dünyada analoqu yoxdur”.
Muzeydə cənub fili, qonur ayı, sarmat balinası eksponatına, öküzün çənə sümüyü, dəvəquşu skeletinə rast gəlmək olur.
Bələdçinin sözlərinə görə, filin kəllə sümüyü 2001-ci ildə tapılıb: “Kəllə sümüyü Mingəçevir şəhəri yaxınlığında Dəyirmandağın qərb yamacında qazıntı işləri aparan Lütvəli Babayev tərəfindən tapılıb. O, icra hakimiyyətinə müraciət edib. Mütəxəssis çağırıblar ki, burada dinozavr var. Paytaxtdan mütəxəssislər gedib və məlum olub ki, bu, fildir. Çünki Azərbaycanda heç vaxt dinozavr olmayıb”.
Sizə də maraqlı gəlsə Təbiət Tarixi Muzeyini ziyarət edə bilərsiniz. Bir daha xatırladaq ki, giriş havayıdır...
İlhamə ƏBÜLFƏT