7 May 2016 11:01
1 465
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sosial şəbəkədəki müzakirələri ürəkdən alqışlayırıq”

Yaponiya hökumətinin bu günlərdə başa çatan “Beyləqan şəhərində məktəbin gigiyenik şəraitinin yaxşılaşdırılması” layihəsi geniş müzakirələrə səbəb olub. “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı” proqramına uyğun həyata keçirilən layihə çərçivəsində Beyləqan şəhər 1 və 4 nömrəli tam orta məktəblərdə yeni sanitar qovşağı tikilməklə, gigiyenik şərait yaxşılaşdırılıb.

Layihənin başa çatması münasibətilə Beyləqan şəhər 1 nömrəli tam orta məktəbdə mərasim keçirilib. Yaponiyanın ölkəmizdəki səlahiyyətli və fövqəladə səfiri Tsuquo Takahaşi mərasimdə şəxsən özü iştirak edib.

Diplomat layihənin ümumi məbləğinin 90 min 300 ABŞ dolları olduğunu açıqlayıb.

Sosial şəbəkələrdə məktəblərdə sanitar qovşağın tikilməsi müzakirə mövzusuna çevrilib. Əvvəllər məktəblər inşa edən Yaponiyanın indi sanitar qovşaq tikməsi sosial şəbəkə istifadəçiləri tərəfindən istehza ilə qarşılanıb.

Teleqraf.com Yaponiya səfiri Tsuquo Takahaşiyə müraciət edərək “Beyləqan şəhərində məktəbin gigiyenik şəraitinin yaxşılaşdırılması” layihəsi haqda suallar ünvanlayıb, sosial şəbəkə istifadəçilərinin rəylərinə münasibət öyrənib.

- Cənab səfir, Yaponiya hökumətinin dəstəyi ilə “Beyləqan şəhərində məktəbin gigiyenik şəraitinin yaxşılaşdırılması” layihəsi barədə məlumat vermənizi istərdik. Bu layihəyə nə zaman başlanılıb, nə qədər müddətə başa çatıb, məktəblərdə yeni sanitar qovşağın tikilməsi ideyası haradan qaynaqlanır?

- Yaponiya səfirliyi uşaqların təhsil mühitinin yaxşılaşdırılmasını vacib hesab edir. Səfirlik məktəbdaxili sanitar təchizatının yaxşılaşdırması məqsədi ilə sağlamlıq, səhiyyə cəhətdən təkmilləşdirmə də daxil olmaqla şagirdlərin təhsilə həvəsinin artıracağını, psixoloji və təhsil nöqteyi-nəzərindən yaxşı təsir edəcəyini düşünərək, bu növ layihələri UNİCEF-lə əməkdaşlıq şəraitində həyata keçirir.

- Yaponiyanın Azərbaycana ayırdığı inkişaf üçün rəsmi yardım iqtisadi infrastrukturun yaxşılaşdırılması, kənd təsərrüfatı, sosial sahə, mədəniyyət və insan resurslarının inkişafı kimi geniş sahələri əhatə edib. Azərbaycan regionları ilə bağlı qarşıda hansı layihələr nəzərdə tutulur?

- Təkcə sanitar qovşaq üçün nəzərdə tutulan avadanlıq deyil, su və kanalizasiya sisteminin qurulması və sair işlər eyni zamanda həyata keçirilir və bir neçə şirkətdən smeta təkliflərini almaqla həmin ərazi üçün materialların satın alınması aparılır.

Bundan əlavə, həmin ərazidəki işçi qüvvəsindən istifadə edilir. Bunun ərazidə iş yerlərinin təşkil olunmasına da töhfə verdiyini düşünürük. Eləcə də, indiyə qədər 5 eyni tipli layihə həyata keçirmişik və bütün layihələrin büdcəsi eynidir. Layihələrin həyata keçirilməsi müddəti təxminən 8 aydır.

- Beyləqan şəhərində məktəbin gigiyenik şəraitinin yaxşılaşdırılması ilə bağlı görülən layihə barədə sosial şəbəkələrdə müxtəlif rəylər bildirilir. Bu rəylərlə tanışsınızmı? Bu rəylərə münasibətinizi bilmək istərdik...

- Yaponiya səfirliyi olaraq bununla bağlı müzakirələrin olduğunu qəbul edir və konstruktiv müzakirələri ürəkdən alqışlayırıq. Bundan sonra da müxtəlif düşüncələrə əsaslanaraq Azərbaycanın sosial sahə mühitinin yaxşılaşdırılmasına istiqamətlənib, şəffaflığı qoruyaraq Azərbaycanı dəstəkləməkdə davam etdirəcəyik.

Nərgiz Ehlamqızı


Müəllif:

Oxşar xəbərlər