Ötən gün Teleqraf.com saytında “Sovetski” küçəsində aparılan söküntülərlə bağlı Mədəniyyət və Turizm Nazirliyinin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanovun müsahibəsi yerləşdirilib.
Müsahibə müzakirələrə səbəb olub. Hüquqşünas-professor Fərhad Mehdiyev bildirib ki, müsahibədəki fikirlər onda dərin təəccüb doğurub:
“Cənab Sultanovun verdiyi açıqlamadan bəzi sitatlar gətirim. Zakir Sultanov iddia edir ki:
1.“Sovetski” küçəsində aparılan söküntü şəhər nəqliyyatını ciddi şəkildə rahatladacaq.
2.Daha əvvəl Nazirlər Kabineti “Sovetski” ərazisində 171 tarixi bina qeydə almış olduğu halda, Zakir Sultanovun da rəhbərlik etdiyi idarənin təsiri ilə 76 bina həmin siyahıdan çıxarılıb. Bu da azmış kimi daha 23 bina qeydiyyatdan çıxarılacaq.
3.Orada yerləşən tarixi binaların sadəcə fasadı əhəmiyyət kəsb edir.
4.Həmin tikililərin sökülməsi vətəndaşların ümumi rahatlığını təmin etməyə yönəlib.
5.Azərbaycanda 6000-dən çox tarixi obyekt var və onları təmir etmək mümkün olmadığı üçün başqa tədbirlər düşünülməlidir.
6.Tarixi abidələrin sökülməsinin əmri hökumətdən gəlir və buna qarşı heç nə etmək mümkün deyil.
İndi icazənizlə bütün bu qeydlərə, inzibati hüquq üzrə doktor, professor olaraq öz rəylərimi bildirim.
Cənab Sultanovun ixtisasını bilmirəm. Amma bunu bilirəm ki, o cür idarələrdə ya memar, ya tarixçi-kulturoloq, ya da şəhər idarəçiliyi üzrə mütəxəssis işləməlidir.
Gələk Zakir Sultanovun sözlərinin bənd-bənd təhlilinə.
1.Məqsəd Hüsü Hacıyev prospekti ilə Nəriman Nərimanov prospekti arasında daha rahat nəqliyyatı təmin etmək olsaydı, bunu orda yerləşən 2-3 yolun bir tərəfində yerləşən tikililəri sökməklə də əldə etmək olardı. Bu bəhanə ilə tarixi abidələri sökmək ən azı qeyri-pəşəkarlıqdır.
2.Cənab Sultanovun başçılıq etdiyi idarənin razılığı və təklifi olmasa, bina tarixi bina olmaqdan çıxmaz və sökülməz. Başqasına günah atmağın mənası yoxdur.
Zakir Sultanov bəlkə də gedib, görüb, axı, Venesiyadakı köhnə tikililəri söksəydilər ora bir nəfər də turist ayaq basmazdı. Axı, onun çalışdığı idarə həm də Mədəniyyət və Turizm Nazirliyinə tabedir!..
3.Bəli, tarixi binalarda əsas əhəmiyyət daşıyan amil ilk növbədə fasaddır. Fasada toxunmamaq şərti ilə evin içini təmir etmək mümkün olur.
4.Həmin tikililərin sökülməsindən paytaxtın heç bir vətəndaşı məmnuniyyət hiss etmir. Tam tərsinə, Bakı sakinləri bu əməli qınayır və pisləyir. Sosial şəbəkədə bu söküntüyə necə reaksiya verildiyi məlumdur.
5.Sultanov özü etiraf edir: “Ölkə ərazisindəki 6308 abidəni bərpa etmək qeyri-mümkündür”. Başqa sözlə, onun başçılıq etdiyi idarənin bu abidələri bərpa etmək niyyəti və qabiliyyəti yoxdur. Bu sualı bir daha soruşuram: bu, onun şəxsi fikridir, yoxsa nazirliyin siyasətidir?
6.Cənab Sultanov, bu tarixi abidələrin sökülməsində sizin idarənizin və şəxsən sizin böyük rolunuz var. Çünki bu cür abidələri qorumaq sizin vəzifə öhdəliyinizdir.
Ümid edirəm ki, bu yazımı oxuyub tənqidlərdən nəticə çıxaracaq, vətən qarşısında öz məsuliyyətinizi dərk edəcəksiniz. Bari 23 abidənin və xalqımızın mədəni irsinə acıyaraq onların saxlanması üçün tədbir görün. Bu cür kobud səhvlərin nəticəsini bütün xalqımız çəkəcəkdir (Tezis.az)”.
İLHAMƏ