Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 22-də 2016/2017 ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək.
TQDK-dan Teleqraf.com-a verilən məlumata görə, imtahan ölkənin 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 24 binada aparılacaq.
İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat davam edəcək.
Bu imtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər mayın 15-dən etibarən TQDK-nın internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
İmtahanda 12800 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 11014 abituriyent I qrup üzrə, 1786 abituriyent IV qrup üzrə imtahan verəcək.
Abituriyentlərdən 12087 nəfəri (I qrup üzrə 10405, IV qrup üzrə 1682 nəfər) Azərbaycan bölməsinin, 713 nəfəri (I qrup üzrə 609 nəfər, IV qrup üzrə 104 nəfər) isə rus bölməsinin məzunudur. Abituriyentlərin 7951 nəfəri (I qrup üzrə 7181 nəfər, IV qrup üzrə 770 nəfər) oğlanlar, 4849 nəfəri (I qrup üzrə 3833 nəfər, IV qrup üzrə 1016 nəfər) isə qızlardır. 11191 nəfər orta ümumtəhsil məktəblərinin, 157 nəfər ali təhsil müəssisələrinin, 1452 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 29 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1959-cu ildən, ən gənci isə 2000-ci ildəndir.
İlhamə Əbülfət