2 İyun 2016 17:03
17 667
12 Punto 14 Punto 16 Punto 18 Punto

Araz Bayramov: “Siflisin gecikmiş mərhələsində müraciət edənlər arasında Rusiyadan gələn azərbaycanlılar üstünlük təşkil edir”

Təzə ailə quranlar üçün icbari tibbi müayinənin tətbiq olunduğu vaxtdan bu il may ayının əvvəlinə qədər 139 min 700 nəfər müayinədən keçib. Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyevanın sözlərinə görə, ötən il iyunun 1-dən bu il may ayının 30-dək müayinədən keçmiş şəxslərin bəzilərində müxtəlif xarakterli infeksiyalar aşkar edilib. Müayinədən keçmiş 458 nəfərdə siflis aşkarlanıb ki, bu da evlənməyə hazırlaşan cütlüklər arasında yayılan dəri-zöhrəvi xəstəliklər sırasında ilk yerdə durur.

Ekspertlər müalicə yolu ilə aradan qaldırılması mümkün olduğu üçün xəstəliyi təhlükəli hesab etmirlər, lakin xəstəlik erkən aşkar edilərsə, nəticə uğurlu olur. Əks təqdirdə xəstəlik inkişaf edir və genefond üçün birbaşa təhlükəli həddə çatır.

“Əxlaqsız bəla” adlandırılan siflisin yayılma səbəblərinə elə adı da ipucu verir.

Ümümdünya Səhiyyə Təşkilatının siflislə bağlı açıqlamasında xəstəliyin yayılması səbəblərindən biri kimi sosial davranış çatışmazlığı vurğulanır. Təşkilatın açıqlamasında işsizliyin, eləcə də qadınların bədənini satmaqla pul qazanması hallarının çox olduğu ölkələrdə siflisin yayılma ehtimalı yüksək qiymətləndirilir.

Zöhrə Əlimirzəyeva deyir ki, xəstələrin sayının artmasının bir səbəbi də xəstəliyin aşkarlanmasının gecikməsidir. Buna görə də nikahdan əvvəl cütlüyün müayinəyə cəlb edilməsi qərara alınıb: “Əvvəllər isə ailə qurandan sonra cütlükdən birinin, xüsusilə də kişinin sifilisə yoluxduğu məlum olurdu. Nəticədə kişi öz həyat yoldaşını da yoluxdurur, bəzən ailə dağılırdı. Buna görə də nikahdan əvvəl müayinə olduqca əhəmiyyətli qərardır”.

Mütəxəssis sifilisin cinsi xəstəlik olsa da, daxili orqanlara, ürəyə, aorta damarına təsir etdiyini deyir və xəstəliyin müalicəsi ilə dəri-zöhrəvi xəstəliklər üzrə ixtisaslaşmış həkimləri məşğul olmasını vacib sayır.

Uşaqlar da siflisə yoluxa bilər

Həkimlik təcrübəsində yüzlərlə siflis xəstəliyinə yoluxmuş pasiyenti olan uroloq-androloq Araz Bayramov deyir ki, ən çətin iş xəstələri tapmaqdır: “Bu xəstəlik üçün məcburi yoxlanış yoxdur. Xəstə məlumatları şəxsi həyatına müdaxilə hesab edərək açıqlamır. Halbuki zöhrəvi xəstəliklərin müalicəsində mənbəyi tapmaq lazımdır. Xəstə bilməlidir ki, ailə üzvlərini də yoluxdura bilər. Çünki sağlam şəxsin sifilislə yoluxması bəzən xəstənin istifadə etdiyi müxtəlif əşyalar vasitəsilə də mümkündür. Sifilisə yoluxan hamilə qadın hamiləliyin ikinci mərhələsində dölü də yoluxdura bilər”.

Müsahibimiz təsadüfi münasibətdə olan bütün insanların müayinədən keçməsini məsləhət görür: “Xəstəliyin ilk əlamətləri şübhəli kontaktdan 3-4 həftə sonra bilinir. Əlamətlərə gəlincə, deyək ki, sifilis dəri səthində inkişaf edən “şankr” adlanan eroziyalı suluqların yaranması ilə başlayır. Şankr suluqları kişilərdə penisdə, qadınlarda cinsi orqanın ətrafında, homoseksual kişilərdə isə ən çox ağız və anus ətrafında olur.

Sifilisin birinci dövr suluqları yaxşılaşdıqdan sonra xəstəliyin ikinci dövrü başlayır və 3 il davam edir. Bu dövrün əsas əlamətləri bədəndə bir çox limfa düyünlərinin şişməsi və dəridə çox sayda suluğun olmasıdır.

İkinci dövrdə suluqların artması yoluxuculuq dövrünün ən pik nöqtəsidir. Suluqlar ən çox bədənin yan və arxa hissəsində müşahidə edilir. Ağız içində olan suluqlar mukoza valları adlanır və xəstəliyin yoluxmasında böyük rol oynayırlar.

Müalicə edilmədiyi təqdirdə yaralar bütün bədənə və daxili orqanlara yayılır və müalicə çətinləşir”.

“Həmin adamlara ikrahla baxırlar”

Araz Bayramov deyir ki, əksər cinsi xəstəliklər kimi siflis də daha çox miqrasiya nəticəsində yayılır: “Əvvəl inkişaf etmiş ölkələrdə daha çox rast gəlinirdi, amma hazırda azalmağa doğru gedir. Çünki maarifləndirmə nəticəsini verir. Amma elə ölkələr var ki, hələ də əslində qorunması asan olan bu xəstəlikdən əziyyət çəkir.

Siflis deyən kimi hamı həmin adamlara ikrahla baxır, elə bilirlər ki, bu adam mütləq təssdüfi adamla əlaqədə olduğu üçün yoluxub. Amma belə deyil. Çünki yoxlanılmadan aparılan qanköçürmə prosesi zamanı da bu xəstəliyə yoluxanlar kifayət qədərdir. Bölgələrə ayırsaq təbii ki, əhalinin say nisbətinə görə böyük şəhərlərdə, o cümlədən paytaxtda siflisə yoluxanlar daha çoxdur. Amma daha təhlükəli rəqəmlər xaricdən, xüsusən də Rusiyadan gələnlər arasındadır.

Siflisin gecikmiş mərhələsində müraciət edənlər arasında Rusiyadan gələn azərbaycanlılar üstünlük təşkil edir. Bu statistika əvvəl də belə idi, nikahöncəsi müayinədən sonra isə oradan gələnlər arasında daha çox rast gəlinir”.

Müsahibimiz cinsi yaxınlığa təsadüfi əlaqə deyib keçməyin əleyhinədir və o hesab edir ki, bu proses insan həyatının ayrılmaz və vacib tələbatı olduğu üçün düşünərək etmək lazımdır. Sonrakı siflis peşmançılığının qarşısını almaq üçün…

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər