4 İyun 2016 14:57
1 171
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda dövlət hesabına və ödənişli təhsil alan tələbələrin sayı açıqlanıb.

Təhsil Nazirliyindən Teleqraf.com-a verilən məlumatda bildirilir ki, 2015/2016-ci ildə ali təhsil müəssisələri üzrə 144023 tələbə bakalavriat təhsili alır. Onlardan 99306 nəfəri, yəni 68,95 faizi ödənişli fakültələrdə oxuyur.

Magistratura təhsili anların ümumi sayı 12253 nəfərdir. Onlardan 7433 nəfəri ödənişli təhsil alan tələbələrdir. Bu isə 60,66 faiz təşkil edir.

Nazirlikdən bildirilib ki, 2015/2016-ci il orta ixtisas təhsili müəssisələri üzrə tələbələrin sayı 56420 nəfərdir. Onlardan 32077 nəfəri ödənişlidir ki, bu da 56,85 faiz deməkdir.

Təhsil eksperti Nadir İsrafilov deyir ki, ödənişli təhsil daim gündəmdə olan məsələdir: “Dünyanın bir çox ölkələrində dövlət təhsil müəssisələrində ödəniş yoxdur. Elə ölkələr var, ödənişin məbləği çox aşağıdır. Biz ödənişli təhsilin miqyasına görə dünyada ilk sıralardayıq.

Bəzən müqayisə aparılır ki, xarici ölkələrin təhsil müəssisələrində ödəniş yuxarıdır. Bu cür müqayisə düzgün deyil. Harvard Universitetinin büdcəsi bizim respublikanın büdcəsindən 2 dəfə çoxdur. Onların verdiyi təhsillə bizim universitetlərdəki təhsilin səviyyəsi eyni deyil. Onlarda ödəniş yüksəkdirsə, tədrisin səviyyəsi də ona uyğundur.

Keyfiyyətli təhsil dalınca tələbələrimiz xarici ölkələrə üz tuturlar. Bu o deməkdir ki, Azərbaycandan beyin axını var”.

Nadir İsrafilov deyir ki, 2015-ci il 1000-dən artıq tələbə yüksək balla ali təhsil müəssisələrinə qəbul olunub: “Onlardan bəziləri maddi imkanları çatmadığına görə ali məktəbdə təhsil almaqdan imtina ediblər. Digər ölkələrdə uzun müddətli, 4-6 faiz arası təhsil krediti verilir. Tələbə universiteti bitirdikdən sonra işlə təmin olunur və krediti geri ödəyir.

Bizim ölkədə heç bir bank 4-6 faizli kredit ayırmır. Artıq bağçalar da ödənişli təhsil metoduna keçiblər. Bu cür problemli məsələlər öz həllini tapmalıdır”.

Ekspert hesab edir ki, ödənişli təhsil sferasında gərəkli addımlar atımalıdır: “Düşünürəm ki, bu, Təhsil Nazirliyi səviyyəsində həllini tapası məsələ deyil. Bu, dövlət büdcəsində təhsilə ayrılan xərclərlə bağlıdır. Ödəniş məsələsində elə bir mexanizm yaradılmalıdır ki, ölkədə 30 faiz ödənişli, 70 faiz isə ödənişsiz təhsil limiti tətbiq olunsun”.

Nadir İsrafilovun fikrincə, özəl ali təhsil müəssisələrində də ödənişləri tənzimləyən mexanizm yaradılmalıdır: “Ali təhsil müəssisə rəhbərləri gecə yatib yuxuda bir qiymət görür, sonra da onu tətbiq edirlər. Belə olmaz”.

Milli Elmlər Akademiyasının tarix üzrə fəlsəfə doktoru, təhsil üzrə ekspert Kamran Əsədov deyir ki, hər il ali təhsil müəssisələrinə qəbul zamanı plan yerləri Nazirlər Kabineti tərəfindən müəyyən edilir: “Bu zaman plan yerləri dövlət sifarişli və ödənişli əsaslarla olan ixtisaslara bölünür ki, sifarişli plan yeri ümumi qəbula ayrılan plan yerlərinin 80 faizə qədərini təşkil edir. Ümumən hər il ali məktəblərə qəbul üçün qəbul plan yeri 40 minə yaxın olur. Bu qəbul planı zamanı yeri hər il müəyyən ixtisaslar üzrə artır.

Məsələn, 1 il ərzində qəbul planını 40 min götürsək, 4 il ərzində 150 minə qədər təhsil alan tələbə sayı ortaya çıxır. Lakin hər il qəbul olan 40 min abituriyentin hamısı təhsilini başa vura bilmir. Onlardan bəzisi təhsil haqqını ödəyə bilmir, bəzisi dərsə davamiyyəti zəif olduğuna görə kənar edilirlər. Bundan başqa təhsilini yarımçıq qoyub xaricə oxumağa gedənlər də var”.

Kamran Əsədov qeyd edir ki, ödənişli əsaslarla təhsil alan tələbələrin sayı olduqca böyükdür: “Dünya praktikasında belə nümunə yoxdur”.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər