Qəbələ Mədəniyyət Mərkəzində “Azərbaycanfilm” kinostudiyasının istehsal etdiyi filmlərin nümayişinə başlanılıb.
Mədəniyyət və Turizm Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, layihə çərçivəsində “Dərs” və “Vəkil hanı?” bədii filmləri göstərilir.
Məktəb həyatından, yeniyetmə məktəbli uşaqların qarşılıqlı münasibətlərindən bəhs edən “Dərs” filmi 2015-ci ildə tamaşaçıların ixtiyarına verilib. Filmin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu rejissorları Rafiq Əliyev və Cavid Təvəkküldür.
Rejissor Ülviyyə Könülün “Vəkil hanı?” bədii filmində cavan vəkil həmkarının əvəzinə məhkəmə iclasına yollanır. Lakin salonları səhv salaraq başqa bir məhkəməyə gəlib çıxır və oradakı müttəhimi ağır təhqir edir. Çox keçmir, vəkili təqib etməyə, ölümlə hədələməyə başlayırlar. Vəkil qadın paltarı geyinib quldurlardan yayınmağa məcbur olur...
Filmin ssenari müəllifləri Elza Ağayeva və Ramiz Fətəliyevdir. Rollarda Bəhruz Vaqifoğlu, Toğrul Rza, Səidə Quliyeva, Qorxmaz Əlilicanzadə çəkiliblər.
Filmlərin nümayişi iyulun 5-dək davam edəcək.
Nərmin