Bu gün Bakı Apelyasiya Məhkəməsində hədə-qorxu gəlməkdə təqsirləndirilən şair Saday Şəkərli barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclası təxirə salınıb.
Teleqraf.com xəbər verir ki, hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesə Saday Şəkərli gətirilməyib. Buna səbəb Saday Şəkərlinin səhhətində problem yaranması və yaranmış problemlə əlaqədar Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsi olub.
İttiham aktına görə, Saday Şəkərli külli miqdarda əmlak əldə etmək məqsədilə Vergilər Nazirliyinin vəzifəli şəxsi haqqında kütləvi informasiya vasitələrində ifşaedici, onu nüfuzdan salan, uydurma yazılar yazmaqla, barəsində rüsvayedici məlumatlar yayma hədəsi 10 min manat məbləğində pul tələb edib.
O, Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham edilib.
Saday Şəkərli Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Bu il may ayının 16-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Saday Şəkərli 10 il müddətinə azadlıdan məhrum edilib.
Hacı Zeynalov