Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində silsilə oğurluqlar törətməkdə təqsirləndirilən Kamran Muradovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu il martın 17-də Sabunçu Polis İdarəsinin 12-ci polis bölməsi əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Kamran Muradov yaxalanıb.
Müəyyən edilib ki, Kamran Muradov iyulun 1-də Bünyatov küçəsində yaşayan Hakim Namazovun evindən açar seçmə yolu ilə 1500 manat dəyərində qızıl-zinət əşyaları, sentyabrın 7-nə keçən gecə Sabunçu qəsəbə sakini Nurəddin Səlimovun evindən pəncərənin dəmir barmaqlıqlarını kəsmə yolu ilə mobil telefon və qızıl-zinət əşyaları, oktyabrın 4-də Ramana qəsəbəsində yaşayan Nizami İsmayılovun evindən pənəcərədən keçmə yolu ilə 200 manat, eyni ünvanda yaşayan qardaşı Siyafət İsmayılovun evindən isə DVD və 1000 manat dəyərində qızıl-zinət əşyaları, bir ay sonra Sabunçu qəsəbəsində yaşayan Rəşad Qasımovun evindən açar seçmə yolu ilə 1600 manat və gümüş əşyaları, dekabrın 8-nə keçən gecə isə Sabunçu qəsəbəsində Elnarə Məmmədovanın evindən pənəcərədən keçmə yolu ilə 1800 manat və qızıl-zinət əşyaları oğurlayıb.
Kamran Muradov fevral və mart aylarında da oğurluq planları həyata keçirib.
O, fevralın 9-da Araz Qaralovun evindən pəncərəni sındırma yolu ilə qızıl-zinət əşyalırı və məişət əşyaları, fevralın 21-də Balaxanı qəsəbəsində yaşayan İlqar Abdullayevin evindən pəncərənin dəmir barmaqlıqlarını sındırma yolu ilə gödəkçə, fevralın 19-dan 26-dək olan müddətdə Mədən küçəsində yaşayan Sədaqət Paşayevanın evindən pəncərənin dəmir barmaqlıqlarını sındırma yolu ilə televizor, noutbuk və modem, martın 7-də E.Mehdiyev küçəsində yaşayan Füzuli Cəlilovun evindən pəncərədən keçmə yolu ilə 600 manat və 7800 ABŞ dolları, martın 3-də isə İran İslam Respublikasının vətəndaşı Hümən Fərzanəyə məxsus, E.Mehdiyev küçəsində yerləşən fabrikdən pəncərədən keçmə yolu ilə 6 kompyuter oğurlayıb.
Hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Kamran Mahmudov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov