İqtisadiyyat Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayıb.
Baş Prokurorluqdan Teleqraf.com-a verilən məlumata görə, İqtisadiyyat Nazirliyi tərəfindən əhalinin sağlamlığı və istehlakçı hüquqlarının qorunması, istehlak mallarına olan tələbatın yüksək keyfiyyətli məhsullarla təmin olunması və süni qiymət artımının qarşısının alınması istiqamətində təsərüffat subyektlərində istehsal edilən və idxal olunan məhsulların keyfiyyətinə nəzarət tədbirlərinin həyata keçirilməsi zamanı ölkəyə keyfiyyətsiz toyuq əti idxal edən şirkətin vəzifəli şəxslərinin qanunsuz əməlləri aşkar edilib. Qeyd olunan məhsullar satışdan kənarlaşdırılıb.
Nazirliyin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.
Araşdırmalar zamanı Ukraynadan Azərbaycana dondurulmuş toyuq əti məhsulları gətirilməsi ilə məşğul olan “OMEQA” MMC-nin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək malların qiymətini süni yolla artırmaq məqsədilə ölkəyə tərkibində nəmliyinin kütlə payı normadan 7 dəfə artıq Ukrayna istehsalı olan “Katkut” markalı dondurulmuş toyuq əti məhsulları idxal edərək malın çəkisinə və keyfiyyətinə dair istehlakçıları xeyli miqdarda aldatmalarına şübhələr olması müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 200.1-ci (istehlakçıları xeyli miqdarda aldatma) maddələri ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
İqtisadiyyat Nazirliyi və Baş Prokurorluq əlaqəli şəkildə istehlak bazarında əhalinin sağlamlığına ziyan vuran və keyfiyyətsiz məhsulların istehsal və idxal olunmasının, gizli yollarla süni qiymət artımı hallarının qarşısının alınması, belə məhsulların satışdan kənarlaşdırılması və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində qanunla nəzərdə tutulmuş ən kəsərli tədbirlərin həyata keçirilməsi bundan sonra da davam etdiriləcək.
Hacı Zeynalov