17 Avqust 2016 18:58
1 235
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


APA-nın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Əlibala Vəliyev və Cabbar Cabbarov ifadə verib.


Onlar özlərini təqsirli bilmədiklərini deyiblər. Ə. Vəliyev bildirib ki, namazı qurtaran zaman polislərin həyətə daxil olduğunu görüb. Hakim Əlövsət Abbasov onların polis olmasını nədən bildiyini soruşub. Ə. Vəliyev onların qara paltar geyindiklərini, arxa tərəflərinə polis yazıldığını deyib. Ə. Vəliyev ona Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılana kimi hər hansı işgəncə verilmədiyini də bildirib. Prokurorların suallarını cavablandıran Ə. Vəliyev ev sahibi Əbülfəzin qohumu olduğunu, əvvəllər də o evdə olduğunu deyib.


Əlibala Vəliyev ibtidai istintaqa ifadəsində isə ona elan edilmiş ittihamlar üzrə özünü qismən təqsirli bilərək göstərib ki, T. Bağırovla məhərrəmlik ayında yaxından tanış olub. Hacı Taleh kəndə gələrək xütbələr oxuyub. Talehlə yaxın tanışlığı həmin ərəfələrdə Əbülfəzin evinə gedib-gələrkən yaranıb. Hadisə baş verən gün Əbülfəzin evinə gedib. Günorta namazı qılınanda birdən hay-küy düşüb, atışma səsləri başlayıb. O, namazı kəsib bayıra çıxıb. Bu zaman polis əməkdaşları onun üstünə gəlib. O, dərhal təslim olub üstündəki qumbaranı polislərə təqdim edib.


C. Cabbarov məhkəmə zamanı verdiyi ifadəsində istintaq zamanı işgəncələrə məruz qaldığını iddia edib. Daha sonra prokurorların suallarını cavablandıran C. Cabbarov bildirib ki, əvvəllər də məhkumluq həyatı yaşayıb, hadisə baş verən zaman evdə olan heç kimdə silah olmayıb və onlar kiməsə müqavimət göstərməyiblər.


Halbuki C. Cabbarov istintaq zamanı verdiyi ifadəsində özünü təqsirli bilməyərək göstərib ki, Hacı Əbülfəzin evində T. Bağırovun çıxışlarına qulaq asıb. Hadisə baş verən gün namaz vaxtı həmin evə olub və həyətdən səs-küy eşidib. O, həyətə çıxanda maskalı polis əməkdaşları həyətə daxil olub. O da polislərə tapançadan atəş açıb. Polislər onu, eləcə də digər şəxsləri saxlayıb tərksilah ediblər. Onun üstünə baxış keçirilərkən atəş açdığı həmin tapança aşkar edilib və götürülüb.


Daha sonra iclasda vəkil Nemət Kərimli təqsirləndirilən şəxslərin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində paltarlarının dəyişdirildiyini deyib, həmin paltarların məhkəməyə təqdim edilməsi və təqsirləndirilən şəxslərin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin həyətində maşından düşürülən zaman olan video görüntülərin təhlükəsizlik kameralarının yaddaşından çıxarılaraq məhkəməyə təqdim edilməsi haqqında vəsatətlər verib.


Vəsatətlərə münasibət bildirən prokuror Nəsib Bayramov və Ramin Nağdəliyev birinci vəsatətin əsassız olduğu üçün təmin edilməməsini, digər məsələ ilə bağlı vəkillərin özlərinin sorğu verib idarədən cavab almalarını istəyiblər.


Məhkəmə vəsatətləri təmin edib.


Proses avqustun 18-də davam etdiriləcək.


Qeyd edək ki, T. Bağırov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinin 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.12, 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsinin 29, 120. 2.1, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.7, 29, 120. 2. 12, 228.3-cü (qanunsuz olaraq odlu silah əldə etmə), 228.4-cü (qanunsuz olaraq silah gəzdirmə) və digər maddələri ilə ittiham olunur. Ötən il noyabrın 26-da hüquq-mühafizə orqanlarının əməkdaşlarının Bakının Nardaran qəsəbəsində keçirdikləri xüsusi əməliyyat zamanı T. Bağırov da daxil olmaqla 60-dan çox şəxs saxlanılıb. Həmin şəxslərdən bir neçəsinin cinayət işi digərlərindən ayrılaraq Sabunçu rayon Məhkəməsinə göndərilib, barələrində müvafiq hökmlər çıxarılıb.

AXCP sədrinin müavini F. Qəhrəmanlı isə ötən il dekabrın 8-də həbs edilib. Məhkəmə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 281 (dövlət əleyhinə açıq çağırışlar), 283-cü ( milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 220.2-ci (hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) maddələri ilə ittiham olunur.


Müəllif:

Oxşar xəbərlər