Bakı Apelyasiya Məhkəməsində keçmiş ərini öldürməkdə təqsirləndirilən 1985-ci il təvəllüdlü Səbinə İmanovanın apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, qətl hadisəsi ötən il Nəsimi rayonunda baş verib. Səbinə İmanova keçmiş ərini bıçaqla qətlə yetirib. Polis əməkdaşları tərəfindən saxlanılan S.İmanova hadisəni sərxoş vəziyyətdə törətdiyini bildirib.
O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə ittiham olunur.
Xatırladaq ki, Səbinə İmanova bundan qabaq narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək məhbusluq həyatı yaşayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səbinə İmanova 12 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Səbinə İmanova apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini istəyib.
Hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə Səbinə İmanovanın apelyasiya şikayətinin dəlilləri müəyyən edilib. Onun anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı avqustun 25-nə təyin edilib.
Hacı Zeynalov