Günün ikinci yarısında Azərbaycan Beynəlxalq Bankının idarə heyətinin keçmiş sədri Cahangir Hacıyev və daha 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Beynəlxalq Bankın “Suraxanı” filalının müdiri Fuad Bağırzadə ifadə verib. O bildirib ki, 2011-ci ildə iki nəfərə kredit verilib, sənədlər də baş idarəyə göndərilib.
Digər şahid “İnter Security” şirkətinin əməkdaşı Əjdər Babayev bildirib ki, şirkətin rəhbərindən sənədlərə imza etməklə bağlı tapşırıq alıb və yerinə yetirib.
Beynəlxalq Bankın kreditlərə nəzarət departamentinin rəhbəri olmuş Akif Əliyev bildirib ki, fiziki şəxslərin adına külli miqdarda kreditlər ayrılıb: “Bununla bağlı göstərişləri Cahangir Hacıyevdən almışam. Ayrılan kreditlər qaydalara uyğun olmayıb və kreditlərin hansı məqsədlərlə götürülməsindən xəbərsiz olmuşam”.
Proses sentyabrın 5-də davam edəcək.
14.35
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Beynəlxalq Bankının idarə heyətinin keçmiş sədri Cahangir Hacıyev və daha 7 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Kəmalə Hüseynova ifadə verib.
Kəmalə Hüseynova təqsirləndirilən şəxslərdən Azad Cavadovu tanıdığını, həyat yoldaşı ilə uşaqlıq dostu olduğunu deyib. O, bildirib ki, 2011-ci ildə yoldaşı ona bankda sənədlərə imza etmək lazım olduğunu deyib: “Nəyə imza etdiyimdən xəbərsizəm. Hüquq-mühafizə orqanları məni idarəyə çağıranda bildim ki, adıma kredit var”.
Daha sonra Cahangir Hacıyevin sürücüsü Aydın Mehdiyev ifadə verib. O, bildirib ki, 1997-ci ildən 2008-ci ilə qədər Cahangir Hacıyevin sürücüsü işləyib: “Sənədlərə imza etmək üçün mənə bankın mərkəzi filialın rəhbəri Anar Sultanov zəng etdi. Bu barədə Cahangir müəllimdən soruşdum. O mənə bildirdi ki, kredit bankın biznes layhələri ilə bağlıdır, get imzala. Mən də onun dediyinə əməl etdim. Sonra şahid dövlət ittihamçısı Fərid Nağıyevin suallarını cavablandırıb. O, bildirib ki, istintaq vaxtı onun adına 11 milyon 928 min dollar kredit götürülüb. Onun sözlərinə görə, bu pulların hara xərcləndiyini bilməyib.
Bundan sonra hazırda Beynəlxalq Bankın İdarə Heyətinin sədrinin müşaviri vəzifəsində çalışan Emil Mustafayev ifadə verib. O, 1994-cü ildən bankda müxtəlif vəzifələrdə çalışdığını deyib. O, qeyd edib ki, ittihamda yer alan 157 kredit və VİP kreditlər Cahangir Hacıyevin göstərişi ilə verilib: “Kreditlərin verilməsi qanunsuz olub və bununla bağlı Cahangir Hacıyev işdən çıxarıldıqdan sonra Daxili İşlər Nazirliyinə rəsmi müraciət etmişəm. Bu cür kreditlər əslində İdarə Heyətində təmsil olunan şəxslərə və ya yaxınlarına verilərkən bankın Müşahidə Şurasının yekdil qərarı ilə olmalı idi. Ancaq bu barədə həmin qərarlar olmayıb. Digər iri həcmli kreditlər də təminatla verilməli olsa da, Cahangir Hacıyevin göstərişi ilə təminatsız verilib. Həmin kreditlərin məqsədi barədə bizə məlumat verilməyib. Göstərişə əsasən, yalnız rəsmiləşdirilib və filiallar üzrə göndərilib”.
Proses günün ikinci yarısında davam edəcək.
İttihama görə, Azərbaycan Beynəlxalq Bankının idarə heyətinin keçmiş sədri Cahangir Hacıyev, Mərkəzi filialın direktorları işləmiş Yusif Ələkbərov və Anar Sultanov, Mərkəzi filialın müdiri işləmiş İlqar Abdullayev, bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security” MMC-nin baş direktoru İbrahim Hüseynov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda “AFB Bank” ASC-nin Müşahidə Şurasının sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham edilirlər.
Hacı Zeynalov