27 Sentyabr 2016 15:48
435
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xətai rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğında təqsirləndirilən Fərid Sadıqov, Zaur Əşrəfovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Eldar İsmayılovun sədrlik etdiyi prosesdə zərərçəkmiş Əfrəddin Veysəlov ifadə verib.

O, qızının evinin yandığını, lakin özünün də zərərçəkmiş kimi tanındığını bildirib.

Əfrəddin Veysəlov bildirib ki, yanğın baş verən gün qızı evdə olmayıb: “Hadisə vaxtı evdə televizorda baxanda gördüm ki, bina yanır. Qonşulardan birini görəndə başa düşdüm ki, bizim binadı.Tez rayondan Bakıya gəldim. Mən çatanda bizim ev hələ də yanırdı. Bütün ev külə dönmüşdü. Divarlar belə yanmışdı.

Ev təmir edildi, 15 min manat da kompensasiya verildi. Amma mən istəyirdim ki, heç olmasa, qızıma 30 min manat verilsin".

Əfrəddin Veysəlov niyə zərərçəkmiş kimi tanınmasını belə izah edib: “Mənim də həmin evdə bir İran xalçam var idi. Yanğında o da yandı. Həm də qızım hadisədən 3 gün sonra gəldi. Ona görə də ilk zərərçəkmiş kimi mən tanındım”.

Şahid qismində ifadə verən Eldar Həsənov bildirib ki, binaların üzlənməsi üçün istihsali olunan “poliuretan” maddələrin istehsal olunduğu "TNH" şirkətində sex müdiri vəzifəsində çalışıb: "İşə qeyri-rəsmi şəkildə götürülmüşəm. Aylıq 1000 manat maaş almışam. Məni işə Məmməd Vəliyev götürüb. Onunla birlikdə Bakı Fəhləsi Zavodunda birlikdə işləmişəm. O, zavodda direktor vəzifəsində çalışırdı. İş üçün ona müraciıət etdim.

Bir müddət sonra məni sexə dəvət etdi. Mən Xırdalandakı zavodda alət sexinə rəhbərlik edirdim. Sonradan bina üzlüklərinin istehsalına başladıq. Mənim işim sexdə üzlükləri istehsal edib, anbara təhvil vermək idi. Sifarişi isə şirkətin dizaynerlər qrupundan alırdım. Məhsul sexdən sahələrə daşınırdı. Sonra görülən işlərdən xəbərim yox idi.

Mən şəhərdə başqa binaların üzləndiyini görmüşəm. Oradan məndə belə bir təsəvvür yaranırdı ki, binalar belə üzlənir”.

Məhkəmə prosesi oktyabrın 4-də davam edəcək.

İttihama görə, yanğın hadisəsi ötən il aprelin 10-da Bakının Xətai rayonu, Zığ yolu,16 ünvanda baş verib. Həmin ünvanda “TNH” şirkəti tərəfindən doqquzmərtəbəli yaşayış binasının fasadının poliuretan materialla üzlənməsi ağır nəticələrə səbəb olan yanğınla nəticələnib.

Bu hadisədən sonra Fərid Sadıqov, Zaur Əşrəfov və Nüsrət Muxtarov həbs olunublar.

Nüsrət Muxtarov iyulun 13-də saxlanıldığı Bakı İstintaq Təcridxanasında vəfat edib.

Hacı Zeynalov


Müəllif: