13 Oktyabr 2016 16:39
1 381
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mingəçevir şəhər polis şöbəsi cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahlar Şahlarzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Şahlar Şahlarzadə Şəki Ağır Cinayətlər Məhkəməsində mühakimə olunub.

Şahlar Şahlarzadə ötən il avqustun 20-də Mingəçevir şəhər polis şöbəsinə gətirilmiş Bəhruz Hacıyevin özünü pəncərədən ataraq ölməsi faktı üzrə həbs edilib. Həmin gün narkotik vasitələrin satışında və istifadəsində şübhəli şəxs qismində Mingəçevir şəhər polis şöbəsinə gətirilmiş Bəhruz Hacıyevin özünü pəncərədən ataraq ölməsi faktı üzrə cinayət işi başlanıb.

Müəyyən edilib ki, həmin orqanın cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahlar Şahlarzadənin cinayətdə şübhəli şəxslərin saxlanılması və mühafizəsinə dair vəzifə təlimatının tələblərini pozaraq Bəhruz Hacıyevin təhlükəsizliyini təmin etməməsi və sayıqlığını itirməsi ağır nəticəyə səbəb olub.
Daxili təhqiqatın yekununa əsasən, Azərbaycan Respublikası daxili işlər nazirinin əmri ilə polis baş leytenantı Şahlar Şahlarzadə daxili işlər orqanlarında xidmətdən xaric edilib.

Eyni zamanda, tabeliyindəki xidməti fəaliyyətinə nəzarəti zəiflətdiyinə, cinayət törətməkdə şübhəli olduğuna görə gətirilən şəxslərin saxlanılması işini düzgün təşkil etmədiyinə görə Mingəçevir şəhər polis şöbəsinin rəisi, polkovnik Ələsgər Bədəlova “şiddətli töhmət” elan olunub.

İstintaq araşdırması zamanı Şahlar Şahlarzadənin intihar olayında günahkar olması müəyyən edilib və o, həbs edilib.

İstintaq orqanı Şahlar Şahlarzadəyə Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) və 314.2-ci (səhlənkarlıq, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham verib.

Hakim Rəşid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Şahlar Şahlarzadənin ittiham olunduğu Cinayət Məcəlləsinin 125-ci maddəsi sübuta yetirilməyib və bu səbəbdən həmin maddə üzrə ona verilmiş ittihama bəraət verilib.

Məhkəmə Şahlar Şahlarzadəni Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilib və 4 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Şəki Ağır Cinayətlər Məhkəməsində Mingəçevir polis şöbəsinin inzibati binasında Bəhruz Hacıyevin özünü pəncərədən ataraq intihar etməsi ilə bağlı daha iki nəfər mühakimə olunub.

Ötən il avqustun 20-də narkotik vasitələrin satışında və istifadəsində şübhəli bilinən Mingəçevir polis şöbəsinə gətirilmiş Bəhruz Hacıyev inzibati binadakı xidməti otaqlardan birində əməkdaş tərəfindən dindirilərkən qəfildən özünü pəncərədən aşağı atıb. Mərhumun yaxın qohumlarının da iştirakı ilə məhkəmə-tibbi eksperti tərəfindən müayinə olunan meyitin üzərində heç bir zorakılıq əlamətləri aşkar edilməyib.

Bununla belə, avqustun 22-də dəfn mərasimindən sonra bir qrup sakin şəhərin mərkəzi hissəsində yürüş keçirməyə cəhd göstərib.

Xidməti vəzifələrini yerinə yetirən daxili işlər orqanları tərəfindən qanunsuz hərəkətlərin qarşısı alınarkən 4 əməkdaş müxtəlif dərəcəli bədən xəsarətləri alıb, polis şöbəsinin bir avtomobili isə yararsız hala salınıb.

İctimai asayişi pozan 21 nəfər saxlanılıb və barələrində qanunvericiliyə uyğun inzibati qaydada tədbir görülüb. Dilqəm Mahmudzadə, Taleh Hacıyev və İlkin Abdullayevin barəsində cinayət işi başlanıb.

Dilqəm Mahmudzadə Cinayət Məcəlləsinin 233-ci (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə, Taleh Hacıyev və İlkin Abdullayev 288.4-cü (ədalət mühakiməsinin və ya ibtidai istintaqın həyata keçirilməsi ilə əlaqədar hədələmə və ya zor tətbiq etmə) maddə ilə ittiham olunub.

Hakim Rəşid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Dilqəm Mahmudzadə 4 il, İlkin Abdullayev isə 6 ay müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən Taleh Hacıyevin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. O, 3 il sınaq müddəti olmaqla 6 il 6 ay şərti cəza alıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər