Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində anasını öldürməkdə təqsirləndirilən Günel Hüseynova, onun xalası oğlu Nicat Eyvazov və Ceyhun Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Eynulla Vəliyevin sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxslər ifadə verib.
Nicat Eyvazov bildirib ki, Günel Hüseynova ona Məryəm Nemətzadəni izləməyi tapşırıb: "Günel dedi ki, bu işdə qısqanclıq məsələsi var. Buna görə də onu izləmək barədə razılaşdıq. Mənim başqa işdən xəbərim olmayıb. Qətlin baş verəcəyini əvvəlcədən bilməmişəm".
Məhkəmə oktyabrın 21-də davam edəcək.
İttihama görə, bu il yanvarın 5-də, saat 09.00 radələrində 1965-ci il təvəllüdlü Məryəm Nemətzadənin yaşadığı mənzildə üzərində çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə müşayiət olunan meyiti aşkar edilib.
Daxil olmuş məlumat əsasında polis və prokurorluq əməkdaşları məhkəmə-tibb ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçiriblər. Əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti mərhumun qızı, 1988-ci il təvəllüdlü Günel Hüseynova, bacısı oğlu, 1998-ci il təvəllüdlü Nicat Eyvazov və 1997-ci il təvəllüdlü Ceyhun Əsgərov tərəfindən törədilməsində əsaslı şübhələr meydana çıxıb və onlar tutularaq istintaqa cəlb olunublar.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 120.2.4, 120.2.11 (quldurluqla əlaqədar xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə ittiham edilirlər.
Qətlə yetirilən Məryəm Nemətzadə Bakıda qızıl alveri ilə məşğul olub. Cinayəti törətməkdə təqsirləndirilən qızı Günel Hüseynova boşanıb. Onun keçmiş həyat yoldaşından azyaşlı qızı var.
Hacı Zeynalov