Günün ikinci yarısında ötən il noyabrın 26-da Nardaran hadisələrində təqsirləndirilərək həbs olunan Müsəlman Birliyi Təşkilatının rəhbəri Taleh Bağırov və birliyin 16 əməkdaşı, həmçinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı barəsində cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Teleqraf.com xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçən prosesdə Sabunçu Rayon Polis İdarəsini əməkdaşı Cəsarət Məhərrəmov ifadə verib.
O, polis idarəsinin qarşısında ptən ilin noyabrın 5-də keçirilən aksiyadan danışıb.
Daha sonra Sabunçu rayon Polis İdarəsinin cinayət axtarış şöbəsinin sabiq əməkdaşı, hazırda Nizami Rayon Polis İdarəsinin əməkdaşı Ağamir İbrahimov ifadə verib.
O bildirib ki, bir qrup şəxs ötən ilin noyabrın 5-də asayişi pozmağa cəhd edib: "Onlar polis əməkdaşlarına daş atırdılar, həmin daşdan biri də mənə dəyib".
Ağamir İbrahimov həbs olunan Nardaran sakinlərinə işgəncə verilmədiyini deyib.
Proses oktyabrın 21-də davam edəcək.
***
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il noyabrın 26-da Nardaran hadisələrində təqsirləndirilərək həbs olunan Müsəlman Birliyi Təşkilatının rəhbəri Taleh Bağırov və birliyin 16 əməkdaşı, həmçinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlının məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrlik etdiyi prosesdə təqsirləndirilən Abbas Hüseynov çıxış edib.
O, qanunsuz "kars"da saxlandığını bildirib.
Daha sonra hazırda həbsdə olan Nardaran sakini Rasim Bünyatov şahid qismində ifadə verib. Şahid deyib ki, çörək alaraq evə qayıdan zaman polislərlə rastlaşıb: "Bizi həbs edərək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirdilər".
O, istintaqa verdiyi ifadəsindən imtina edib.
Sonra şahid qismində Urfan Nəbizadə ifadə verib. O, bildirib ki, Nardaran hadisələrindən sonra həbs edilib, hazırda barəsində istintaq hərəkətləri davam edir. Urfan Nəbizadə istintaqda işgəncələrə məruz qalmadığını deyib: "Evimdən 9 güllə, 2 qumbara tapılıb".
Vəkillər hal şahidlərinin əvvəllər məhkum olunub-olunmamasının yoxlanılması barədə vəsatət veriblər. Məhkəmə vəsatəti təmin etməyib.
Vəkil Yalçın İmanov hadisə zamanı yaralanan nardaranlıların qəsəbə sakinlərinin maşınlarında xəstəxanaya aparıldığını, bununla bağlı fotolar olduğunu deyib, həmin fotoları məhkəməyə təqdim edib və fotoların cinayət işinə əlavə edilməsini istəyib.
Məhkəmə vəsatəti təmin etməyib.
Digər vəkil Fariz Namazlı işdə adı keçən zərərçəkən polis əməkdaşlarının zərərçəkmiş kimi tanınmamasını istəyib.
Vəsatət müzakirə olunacaq. Poses günün ikinci yarısında davam edəcək.
Hacı Zeynalov