25 Oktyabr 2016 13:55
637
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xətai rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğında təqsirləndirilən Fərid Sadıqov və Zaur Əşrəfovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com-un məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş İslam Aslanov ifadə verib.

İslam Aslanov bildirib ki, hadisə günü evdə olub: "Yanğın günü evdə oturmuşduq. Yoldaşım çöldən səs gəldiyini dedi. Pəncərəyə yaxınlaşanda həyətdə adamların toplaşdığını və binanın yandığını gördüm. Sonra aşağı qaçdıq. Binaya elə bil benzin tökülmüşdür. Yanğın hər yana yayılırdı. Evimizdə olan hər şey yandı".

Şahid Gündüz Abbasov bildirib ki, təqsirləndirilən şəxslərdən Fərid Sadıqovu tanıyır: "Mən zavoda işə sinif yoldaşım İlham müəllimin dəvəti ilə gəlmişəm. Fərid Sadıqovu da həmin vaxt, İlham müəllimin yanında görmüşəm. Zavoddun mühasibatlıq işinə kömək etmişəm".

Digər şahid Hidayət Süleymanov da təqsirləndirilən şəxslərdən Fərid Sadıqovu tanıdığını deyib. Onun sözlərinə görə, zavodun tikintisi 3 il ərzində baş tutub: "Mən zavodda texniki işlərin görülməsi ilə məşğul olmuşam. Zavodun istehsal etdiyi məhsullarla əlaqəm yox idi. Bu, mənim işim deyildi. Zavoda rəhbərlik edənin Mamed müəllim olduğunu bilirdim. Mərhum Nüsrət Muxtarov isə tikinti işləri üzrə müavin vəzifəsində çalışırdı".

Hakim bildirib ki, cinayər işi üz təqsirləndirilən şəxs qismində tanınmış və məhkəmə istintaqı zamanı vəfat etmiş Nüsrət Muxtarovun nümayəndəsi olan onun oğlu Asif Muxtarov hərbi xidmətə gedib. Bu səbəbdən mərhumun qardaşı Elşən Muxtarov cinayət işi üzrə nünayəndə olacaq, zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsi üçün mülkü cavabdehliyi o daşıyacaq.

Prosesi noyabrın 1-də davam edəcək.

İttihama görə, yanğın hadisəsi ötən il aprelin 10-da Bakının Xətai rayonu, Zığ yolu,16 ünvanda baş verib. Həmin ünvanda “TNH” şirkəti tərəfindən doqquzmərtəbəli yaşayış binasının fasadının poliuretan materialla üzlənməsi yanğınla nəticələnib.

Bu hadisədən sonra Fərid Sadıqov, Zaur Əşrəfov və Nüsrət Muxtarov həbs olunublar.

Nüsrət Muxtarov iyulun 13-də saxlandığı Bakı İstintaq Təcridxanasında vəfat edib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər