2 Noyabr 2016 15:01
519
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir necə gündür bəzi internet saytlarında Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov və onun oğlu Nadir Qasımov barədə müxtəlif ittihamlar dərc olunur. Onların arasında məmur övladının guya “harın həyat tərzi” sürdüyü barədə iddialar xüsusi diqqəti cəlb edir.

"Azərfaks" xəbər verir ki, İcra Hakimiyyəti başçısının oğlu Nadiq Qasımov yayılan məlumatlara münasibətini açıqlayıb. N.Qasımov bildirib ki, barəsində yayılan məlumatlar həqiqəti əks etdirmir və məqsədli şəkildə tirajlanır: “Mən ali təhsil aldıqdan sonra çox ciddi rejimi olan hərbi hissədə xidmət keçmişəm. O fotolar da hərbi xidmətdən əvvəlki, tələbəlik illərinə təsadüf edir. Hər bir Azərbaycan vətəndaşı kimi mənim də idman etmək, foto çəkdirmək hüququm var. Hətta iş o yerə çatıb ki, mənim idmanla məşğul olmağımı da az qala ünvanıma irad kimi səsləndirirlər. Anlaşılmazdır, nəyə görə hərbi xidmət keçmək, idmanla məşğul olmaq, şəkil çəkdirmək qanunazidd əməl hesab olunmalıdır? Bir daha xatırladıram ki, həmin fotolarda hansısa qanunsuzluğun əks olunduğunu görmürəm. Mənim guya “avtoşluq” etdiyimə dair iddialar da tam əsassızdır. Avtoxuliqanlıq qanunvericiliklə təqib edilən əməldir və buna görə konkret məsuliyyət nəzərdə tutulur. Barəmdə belə fakt varsa, ortaya qoyulsun”.

N.Qasımov onu da bildirib ki, şantajlardan bezdiyi üçün “instaqram” səhifəsini bağlayıb.

N.Qasımov qeyd edib ki, hazırda dövlət qulluğunda çalışır və barəsində əsası olmayan məlumatların yayılması bir vətəndaş kimi onun hüquqlarını pozur, nüfuzuna xələl gətirir: “Biz hüquqi dövlətdə yaşayırıq. Yalan məlumat yaymaq, xüsusilə bunu məqsədli şəkildə etməklə bağlı qanunvericilikdə müvafiq cəza tədbirləri nəzərdə tutulur. Qanun heç kimə, o cümlədən media nümayəndəsinə əlində olan imkanlardan çirkli məqsədlər üçün alət kimi istifadə etməyə icazə vermir. Buna görə də artıq bir neçə sayt barədə hüquq mühafizə orqanlarına və məhkəməyə müraciət etmək qərarına gəlmişəm”.

Məlumatlarda o da qeyd olunur ki, Nizami RİH də bir neçə saytın fəaliyyətinə qiymət verilməsi məqsədilə məhkəməyə müraciət edəcək.


Müəllif:

Oxşar xəbərlər