Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan NİDA üzvü Bayram Məmmədov barəsində cinayət işi üzrə məhkəmə başlayıb.
Teleqraf.com xəbər verir ki, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hazırlıq iclası olub.
Əvvəlcə Bayram Məmmədovun anket məlumatları dəqiqləşdirilib. Daha sonra onun vəkili Elçin Bayramov vəsatətlə çıxış edərək hüquqlarını müdafiə etdiyi şəxsin cinayət işinə xitam verilnəsini, seçilmiş həbs-qətimkan tədbirinin ləğvini və sübutların siyahıdan çıxarılması, yeni sübutların cinayət işinə əlavə olunmasını istəyib.
Vəsatəti təmin edilməyib. Baxış iclası noyabrın 11-nə təyin edilib.
Bayram Məmmədov digər gənc fəal Qiyas İbrahimovla birgə mayın 10-da saxlanıb. Mayın 12-də Xətai Rayon Məhkəməsi hər iki gənc haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçib.
Qiyas İbrahimov və Bayram Məmmədov Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma) maddəsinə əsasən ittiham olunur. Qiyas Məmmədovun cinayət işi ayrıca icraatda araşdırılıb və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov