Günün ikinci yarısında Binəqədi rayonunda 16 mərtəbəli binada baş vermiş dəhşətli yanğınla bağlı həbs olunan “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov və digər şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Teleqraf.com-un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə vəkillər zərərçəkmişlərdən Aytən Rəsulov, İlqar Məmmədov və Ülvi Hüseynovun məhkəmədə ifadə vermələrini tələb ediblər.
Hakim bildirib ki, zərərçəkmişlərin bir neçəsi ölkə xaricindədir. O, həmin şəxslərin bəzisinin istintaqa verdikləri ifadələrini elan edib: “Xəyalə Hidayətova ifadəsdəsində qeyd edib ki, hadisə günü evdə anası və uşağı ilə olub. Hadisə nəticəsində əmlakı yanıb, xəsarət almadıqlarını deyib”.
Hakim məhkəməyə gəlməyən şahidlər barəsində məcburi gətirilməylə bağlı qərar çıxarıldığını söyləyib.
Daha sonra Miryusif Mahmudovun vəkili İlhamə Həsənova vəsatətlə çıxış edib. O, vəsatətində yanğın baş verən binanın yanında inşa edilmiş tikilinin sənədlərinin müvafiq qurumlardan alınmasını istəyib.
Təqsirləndirilən Nizami Orucovun vəkili Vasif Həsənov vəsatətin təmin edilməməsini, digər vəkillər isə təmin olunmasını tələb ediblər.
Vəsatət baxılmamış saxlanılıb.Proses noyabrın 10-da davam edəcək.
***
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda 16 mərtəbəli binada baş vermiş dəhşətli yanğınla bağlı həbs olunan “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov və digər şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Teleqraf.com-un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə şahid Rizvan Mehdiyev ifadə verib.
O bildirib ki, “Global Construction” MMC-nin istehsalat sexində işləyib. Şahidin sözlərinə görə, poliüretanların hazırlanması üçün məhsullar Türkiyədən gətirilib: "Şirkətdə qəliblərin hazırlanması üçün məhsullara heç bir müdaxilə edilməyib".
Şahid qeyd edib ki, məhsulların sınaqdan keçirilməsində iştirak edib: "Hazırlanan materallar yandırlıb və yanmaya davamlı olduğu təsiqini tapıb. Bununla bağlı video da var".
Rizvan Mehdiyev istintaqa verdiyi ziddiyyətli ifadəsini belə izah edib: "Müstəntiq mənə hazır ifadə verdi, həmin ifadəyə imza atmağımı istədi. Mən də həmin ifadəyə imza atdım".
Şahid qeyd edib ki, poliüretanların hazırlanması üçün mütəxəssislər Türkiyədən gəlib, həmin mütəxəssislər poliüretanların hazırlanması üçün təlim keçiblər: "O materallar yanmayıb, qəsdən yandırılıb".
Hakim cavabda deyib ki, materallar yanıb və bu qədər insanda həyatını itirib: "Video çəkilişlər var, binanın yandığını hər kəs görüb".
Miryusif Mahmudovun vəkili İlhamə Həsənova hakimin bu fikirlərinə etiraz edib. Qeyd edib ki, hakim ittihama qabaqcadan münasibət bildirir: "Əgər belə olacaqsa, daha məhkəməni davam etdirmək nəyə lazımdı?"
Miryusif Mahmudov bildirib ki, hazırlanan poliüretanlardan evində və ofisində də istifadə edib: "Əgər məhsul yararsız olsaydı, həmin məhsullardan evimdə və ofisimdə istifadə etməzdim".
Təqsirləndirilən şəxs, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Ələsgərov bildirib ki, Xətai rayonunda baş verən yanğından sonra müşavirə keçirilib, həmin müşavirədə yanğının təhlükəsizlik qaydaları müzakirə edilib: "Müşavirədə qeyd edilib ki, materallarda yenidən nümunələr götürüləcək və bundan sonra araşdırma aparılacaq. “Global Construction” MMC-nin istehsalatxanasında hazırlanan materallar daha keyfiyyətlidir".
Miryusif Mahmudov günahsız yerə həbs edildiyini deyib. Qeyd edib ki, rəy verilmədən həbs edilib: "Dünyanın heç bir yerində belə hal yoxdur. Biz də insanıq... Hərənin də bir səbri var. Yanğının əsl səbəbini müəyyən edin. Çünki bizə böhtan atıblar, bizi nahaqda həbsdə saxlayırlar. Mənim də ailəm, 11 yaşlı oğlum var. Mən bandit deyiləm, cinayətkar deyiləm. Hansısa icra başçısı pul alıb, binanın yanında yarımçıq tikili inşa olunub. Binanın əsl yanma səbəbi müəyyən edilsin".
Prosesdə fasilə elan olunub.
Ötən il mayın 19-da Binəqədi rayonu ərazisində, metronun “Azadlıq” stansiyasının yaxınlığında 16 mərtəbəli yaşayış binasında baş verən yanığında 15 nəfər həyatını itirib, 30 nəfərdən çox şəxs xəsarət alıb.
“Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov, həmin cəmiyyətin idarə heyətinin sədr müavini Ələkbər Əsgərov, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Qəzənfər Novruzov, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri olmuş Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Nizami Orucov, “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Ağacavad Məmmədov həbs olunublar.
Hacı Zeynalov