Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda 16 mərtəbəli binada baş vermiş dəhşətli yanğınla bağlı həbs olunan “Qlobal Stone” MMC-nin pbaş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov və digər şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Teleqraf.com-un xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesə zərərçəkmişlər gəlməyib. Hakim bildirib ki, iş üzrə iki zərərçəkmişlə əlaqə saxlanıb və onlar növbəti prosesə qatılacaqlar.
Hakim daha sonra iş üzrə şahid olan Məlahət Ağasıyevanın ərizəsinin məhkəməyə daxil olduğunu deyib.
O, ərizəsində istintaqa verdiyi ifadəsini təsdiqləyib. Qeyd edib ki, Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzində həkim işləyib. Onun bildirdiyinə görə, poliüretanların tərkibində zəhərli maddə olduğu müəyyən edilib, bu da zəhərlənməyə səbəb olub.
Hakim daha sonra şahid Məlahət Ağasıyevanın ifadəsini elan edib. O ifadəsində işlədiyi dövrdə Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru olmuş Akif Əlibəyovn əleyhinə ifadə verib.
Təqsirləndirilən Akif Əlibəyov bildirib ki, Məlahət Ağasıyeva ona böhtan atır, çünki işdən töhmətlə kənarlaşdırılıb. Buna görə hətta Nizami rayon Məhkəməsinə müraciət edib, amma iddası təmin edilməyib: "Bu keçmiş işçim mənimlə düşmənçilik edir".
Daha sonra Miryusif Mahmudovun vəkili İlhamə Həsənova vəsatətlə çıxış edib. O, 21 nəfərin məhkəmədə əlavə şahid qismində dindirilməsini istəyib. Bildirib ki, həmin şahidlərdən biri Arif Əliyev “Qlobal Stone” MMC-nin işçisi olub: "MTN rəhbərliyi bu işçi vasitəsi ilə Miryusiflə bağlantı qurub və pul tələb edib. Xahiş edirik ki, vəsatətimizdə olan bu və digər şahidlərin məhkəmədə dindirilməsini təmin edəsiz".
Hakim bildirib ki, vəsatət növbəti prosesdə müzakirə olunacaq.
Proses noyabrın 15-də davam edəcək.
Ötən il mayın 19-da Binəqədi rayonu ərazisində, metronun “Azadlıq” stansiyasının yaxınlığında 16 mərtəbəli yaşayış binasında baş verən yanığında 15 nəfər həyatını itirib, 30 nəfərdən çox şəxs xəsarət alıb. “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin təsisçisi və idarə heyətinin sədri Miryusif Mahmudov, həmin cəmiyyətin idarə heyətinin sədr müavini Ələkbər Əsgərov, Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Qəzənfər Novruzov, 2012-2013-cü illərdə Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri olmuş Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Nizami Orucov, “Dərnəgül Boru Zavodu” Qapalı Səhmdar Cəmiyyətinin sınaq laboratoriyasının müdiri Ağacavad Məmmədov həbs olunublar.
Hacı Zeynalov