Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində vergidən yayınmaqda təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçən prosesdə Səadət Cəfərovun vəkili çıxış edib. O, müdafiə etdiyi şəxs barəsində ədalətli qərar çıxarılmasını istəyib.
Digər təqsirləndirilən Elman Rəhimovun vəkili müdafiə etdiyi şəxsin ağır xəstəlikdən əziyyət çəkdiyini deyib və ona daha yüngül cəza təyin edilməsini xahiş edib.
Hakim bildirib ki, təqsirləndirilən Səhadət Cəfərova dövlətə 7 min manata qədər ziyan vurub: "Həmin ziyan ödənilsə, məhkəmə yüngülləşdirici halları nəzərə alacaq".
Səhadət Cəfərov isə bildirib ki, həmin məbləğdə pulu almayıb. Daha sonra Səbuhu Qazıyevin vəkili çıx edib. O müdafiə etduyi şəxsə yüngül cəza istəyib.
Proses noyabrın 15-də davam edəcək.
Bundan əvvəl keçirilən prosesdə prokuror çıxışında Həsənağa Babayevin 8 il, Elman Rəhimovun 6 il 6 ay, Tərxan Şirinovun 6 il, Əlirza Kərimovun 4 il, Hüseyn Bayramovun 5 il, Səadət Cəfərovun 3 il 6 ay, Elvin Əsgərovun 5 il, Səbuhi Qazıyevin 5 il, Ramşan Rzayevin isə 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
İttihama görə, 7 iyul 2011-ci il tarixdən "Atrabank” ASC-nin Nəsimi filialının mühasibi, 3 mart 2014-cü ildən isə həmin filialın xidmət şöbəsinin korporativ müştərilərə xidmət qrupunun mütəxəssisi vəzifəsində işləyən Həsənağa Babayev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayınıb.
Bu məqsədlə o, tanışları Tərxan Şirinov, Elman Rəhimov, Hüseyn Bayramov, Əlirza Kərimov və Səhadət Cəfərovdan ibarət, Səbuhi Qazıyev isə Ramşan Rzayev və Elvin Əsgərovdan ibarət mütəşəkkil cinayətkar dəstələr yaradaraq 2012-2014-cü illər ərzində həmin qruplara rəhbərlik ediblər.
Dəstə üzvlərinin adlarına 107 MMC yaradılıb, həmin cəmiyyətlərin qeydiyyatda olduğu vergi orqanlarına bəyannamə ya təqdim edilməyib, yaxud təqdim edilən bəyannamələrə gəlirlər və xərclər barədə bilə-bilə təhrif olunmuş məlumatlar daxil edilərək, ümumilikdə 1270884.46 manat məbləğində vergi dövlət büdcəsinə ödəməkdən yayındırılıb.
Dövlətə vurulmuş ziyandan 190550 manatı ödətdirilib, 363987 manat məbləğində əmlak üzərinə həbs qoyulub.
Dəstə üzvləri Cinayət Məcəlləsinin 213.2.1, 213.2.2, 213.1 və 308.2-ci maddələri ilə ittiham edilir.
Hacı Zeynalov