Günün ikinci yarısında ötən il noyabrın 26-da Nardaran hadisələrində təqsirləndirilərək həbs olunan Müsəlman Birliyi Təşkilatının rəhbəri Taleh Bağırov və birliyin 16 əməkdaşı, həmçinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı barəsində cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Teleqraf.com xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçən prosesdə şahid qismində Zahid Mehdiyev ifadə verib.
O, dindirilən zaman təqsirləndirilən Fuad Qəhrəmanlının sosial şəbəkədə yazdığı statusa rəy yazdığını söyləyib.
Şahid qeyd edib ki, həmin statusda yazdığı rəyə görə peşmandır: “Mən həmin rəyi düşünmədən yazdım. Buna görə çox peşmanam. Fuad Qəhrəmanlını isə dəsdəkləmirəm. İstintaq zamanı da heç bir təzyiqlə üzləşməmişəm”.
Proses noyabrın 14-də davam edəcək.
***
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ötən il noyabrın 26-da baş vermiş Nardaran hadisələrində təqsirləndirilərək həbs olunan Müsəlman Birliyi Təşkilatının rəhbəri Taleh Bağırov və birliyin 16 əməkdaşı, həmçinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlının məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrlik etdiyi prosesdə şahid Balababa Allahnəzərov ifadə verib.
Şahid bildirib ki, istintaqa verdiyi ifadəsindən imtina edir. Bildirib ki, Fuad Qəhrəmanlının Feysbukdakı statusuna şərh yazıb və hesab edir ki, burada hər hansı cinayət yoxdur.
Şahid Elxan Məmmədov da Fuad Qəhrəmanlının statusuna şərh yazdığını və buna görə istintaqada ifadə verdiyini deyib. O, bildirib ki, Fuad Qəhrəmanlının fikirlərini qəbul etmir.
Vəkillər isə ondan fikirlərini qəbul etmədiyi adamın statusuna niyə dəstəkləyici şərh yazmasının səbəbini soruşublar. O, sosial şəbəkəni ciddi hesab etmədiyini, şərhi fikirləşmədən yazdığını deyib.
Daha sonra şahidin istintaqa verdiyi ifadə elan edilib. O, ifadəsinin bir hissəsini təsdiq etməyib.
Proses günün ikinci yarısında davam edəcək.
Hacı Zeynalov