“MTN işi” ilə bağlı başlanılan cinayət işi üzrə saxlanılan şəxslərin həbs müddəti növbəti dəfə uzadılıb.
APA-nın məlumatına görə, Səbail Rayon Məhkəməsi həmin cinayət işi üzrə saxlanılan və hazırda ibtidai istintaqı davam etdirilən, ləğv edilmiş MTN-in Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov və digərləri barəsində həbs-qətimkan tədbirinin müddətini 3 ay artırıb.
Baş Prokurorluğun yaydığı məlumata görə, ləğv edilmiş MTN-in ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə səlahiyyətlərini aşma faktları ilə bağlı cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Faktlar üzrə 21 şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, 19 şəxs barəsində həbs qətimkan tədbiri, 1 nəfər barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib, istintaqdan yayınan 1 şəxs barəsində isə həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilib.
Saxlanılan 20 nəfərdən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov, nazirliyin əməkdaşları - Səlim Məmmədov, Orxan Osmanov və Akif Əliyevin cinayət işi digərlərinin cinayət işindən ayrılaraq ayrıca icraata verilib və hazırda Bakı Hərbi Məhkəməsində həmin şəxslərin məhkəmə prosesi keçirilir.