Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi İbtidai istintaq idarəsinin 2-ci şöbə rəisi, polkovnik-leytenant Vüsal Ələkbərov hədə-qorxu yolu ilə pul tələb etdiyi şəxslər arasında bank müdirləri də var.
Teleqraf.com xəbər verir ki, Vüsal Ələkbərovun cinayət işində zərərçəkmişlərdən biri də “Texnikabank” ASC-nin Sumqayıt filialının müdiri Müsənnif Salahovdur.
Vüsal Ələkbərov hədə-qorxu yolu ilə ondan 600.000 manat məbləğində pul alıb. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Müsənnif Salahov bildirib ki, 2003-cü ilin may ayından hal-hazıradək “Texnikabank”ın “Sumqayıt filialının müdiri vəzifəsində işləyir: “2012-ci ilin mart ayında həmin bankın müşahidə şurasının sədri Etibar Əliyev həbs olundu. Bundan sonra, yəni həmin ilin martın 27-də, saat 11 radələrində bir qrup MTN əməkdaşı filiala gəldi və məhkəmə qərarı əsasında 6 aylıq fəaliyyəti yoxlayacaqlarını bildirdilər.
Fililada axtarış apararaq maliyyə sənədlərini götürdülər, axşam saat 19 radələrində başıma torpa keçirərək məni də MTN-ə apardılar. Giriş qapısında gec olduğundan buraxılış vəsiqəsi yazılmasının mümkün olmadığı üçün məni evə buraxdılar, növbəti gün MTN-ə gəlməyi tapşırdılar”.
Müsənnif Salahovun sözlərinə görə, martın 28-də MTN-nin Nadir adlı müstəntiqi onu qəbul edib və saat 14 radələrində istintaq qrupunun rəhbəri, istintaq şöbəsinin rəisi Vüsal Ələkbərovun yanına aparıb: "Vüsal təklikdə mənimlə söhbət etdi, sonra istintaq idarəsinin rəis müavini Təhsin Ağayevin yanına apardı. Təhsin Ağayev Vüsalın yanında məndən: “Etibar Əliyev bankı yeyib talayıb, sən nə qədər pul verirdin Etibara?” deyə soruşdu.
Daha sonra Təhsin Ağayev bildirdi ki, hara düşdüyünü bilirsən də... Burdan çıxmaq üçün 3 milyon manat verməlisən. Mən gülərək “nə özümdə, nə də işlədiyim bank filialında bu məbləğdə pul görməmişəm” deyə cavab verdim. Xeyli müzakirələrdən sonra Təhsin dedi ki, verməsən, sən də içəri girəcəksən. Otaqdan çıxdıqdan sonra Vüsal mənə hədə-qorxu ilə bildirdi ki, nə qədər səni həbs etməmişəm, get pulu gətir, yoxsa o birilərin dalınca sənin də içəri salacam”.
Müsənnif Salahovun sözlərinə görə, daha sonra Nadir onunla normal rəftar edərək şahid qismində dindirib, başqa söhbət aparmayıb, hec nə tələb etməyib, pul istəməyib, hər hansı qanunsuz rəftarı olmayıb: “Evə qayıtdıqdan sonra iki həftə müddətində MTN-nin istintaq idarəsinin rəis müavini Təhsin Ağayev, həmin idarənin şöbə rəisi Vüsal Ələkbərov dayanmadan zəng vuraraq pul tələb etdilər. Bu zənglərə və psixoloji təzyiqlərə tab gətirmədiyimdən, həmçinin əsassız yerə həbs olunacağımdam qorxduğum üçün məcbur qalaraq bacanağım Qəzənfər Hüseynovdan 150.000 manat aldım. Evdə olan qızıl-zinət əşyalarını 50 min manata satdım”.
Zərərçəkmiş qeyd edib ki, 2012-ci ilin aprel ayının ortalarına yaxın, saat 14 radələrində sürücüsü Məhəmməd Dəmirovla birlikdə MTN-nin binasına gəlib: “Sürücümün pul aparmağımdan və məndən pul tələb edilməsindən heç bir xəbəri olmayıb. Sellofan torbaya qoyduğum 200.000 manatı özümlə götürərək nazirliyin əsas girişində Vüsala, yaxud Təhsinə zəng edərək gəldiyimi dedim. Sonra Təhsinin otağına buraxıldım. 200.000 manatı Vüsalın yanında Təhsinə verərək başqa pulum olmadığını dedim.
Vüsal dedi ki, min dənə obyektin var, get sat, gətir pulu ver, molyonlar qazanırsınız. Çox yalvardıqdan sonra Təhsin Ağayev sonunda 600.000 manat verəcəyim halda məni həbs etməyəcəyini dedi, əks halda isə üzümə dörd adam duraraq onlardan notaruis əməliyyatlarında rüşvət kimi pul almamı deyəcəyi ilə məni hədələdi”.
Zərərçəkmiş bildirib ki, bir həftə ərzində qalan pulu düzəldə bilməyib: “Bu həftə ərzində Vüsal və ya Təhsin zəng edərək pulu soruşdu. Onlara pulu hazır edə bilmədiyimi dedikdə yenidən nazirliyə çağırıldım. Saat təxminən 15 radələrində Təhsin Ağayev öncədən verdiyim 200.000 manatı mənə qaytardı. Qorxuya düşdüyümdən Ağcabədi rayonunda yaşayan xalam oğlu Əlizamın Abbasovdan 100.000 manat, fermer təsərrüfatı ilə məşğul olan Nadir adlı dostumdan 100.000 manat, Sumqayıt şəhərində yaşayan qardaşlarım Tahir və Səyyafdan hər birindən 50.000 manat borc aldım.
Cəmlədiyim 500.000 manatı 2012-ci ilin may ayının əvvəllərində, saat 16 radələrində brezent materiallarından olan bozumtul rəngli torbaya qoyaraq nazirliyə getdim. Həmin pulu Vüsalın iştirakı ilə Təhsinə verdim. 100.000 manat üçün isə Təhsin mənə vaxt qoyduğundan 1 həftə, 10 gün sonra yeznəm İlhamdan 50.000 manat, dayım oğlu Əyyubdan 50.000 manat borc pul aldım.
Düzəltdiyim 100.000 manatı sellofan torbaya qoyaraq sürücüm ilə birlikdə saat 16 radələrində nazirliyə getdim. Orada pulu Təhsin Ağayevə verdim”.
Zərərçəkmiş şəxsin sözlərinə görə, Vüsal Ələkbərov və Təhsin Ağayev tərəfindən onun MTN-ə giriş-çıxışına dair qeydiyyatların rəsmiləşməməsi, yaxud sonradan silinməsinə dair tədbirlər görülüb: “Vüsal Ələkbərov və Təhsin Ağayevlə hazırda xatırlamadığım nömrələrdən danışıqlar aparmışam”.
Cinayət işi üzrə şahid qismində ləğv edilmiş MTN-nin baş istintaq idarəsinin rəisi Mövlam Şıxəliyev bildirib ki, “Texnikabank” ASC-nin “Sumqayıt” filialının müdiri işləmiş Müsənnif Salahovu tanımır. O, qeyd edib ki, Müsənnif Salahovdan MTN-nin istintaq baş idarəsinin rəis müavini işləmiş Təhsin Ağayev və şöbə rəisi olmuş Vüsal Ələkbərov tərəfindən hədə-qorxu gəlinməklə 600.000 manat alınması barədə hər hansı bir məlumatı yoxdur.
Cinayət işi üzrə təqsirləndirilən şəxs Vüsal Ələkbərov müdafiə xarakterli ifadə verərək bildirib ki, Müsənnif Salahovu tanımır və xatırlamır: “Onu istintaqa dəvət etməmişəm, onunla söhbət aparmamışam. Həmin şəxsi ilk dəfə üzləşmə zamanı görmüşəm. Onu heç vaxt Təhsin Ağayevin yanına aparmamışam. Yanımda Nüsənnif Salahovdan heç bir məbləğdə pul istənilməyib və alınmayıb. Müsənnif qrup üzvləri tərəfindən istintaqa dəvət edilib”.
Hacı Zeynalov