Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin dövriyyəsində təqsirləndirilən Renad Əliyevin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
Teleqraf.com xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.
Renad Əliyev elan olunan ittiham üzrə özünü təqsirli bilməyib. O, bildirib ki, Bakıda keçirilən 1-ci Avropa Oyunlarında karate üzrə hakim kimi iştirak edib, idmançıdır. Əlavə edib ki, narkotik vasitənin ona adiyyəti olmayıb. Həbs olunan günü dostları ilə birlikdə kafedə olub. Kafedən çıxanda ona 3 nəfər şəxs yaxınlaşıb: “Həmin şəxslər məni Bakı şəhər Baş Polis İdarəsinə apardılar. Məndə narkotik vasitə olduğunu dedilər. Narkotik vasitənin mənə aid olmadığını bildirdim”.
Renad Əliyev qeyd edib ki, onu qardaşı Riyad Əliyev müxalif fikirli olduğu üçün həbs ediblər.
Hakim Renad Əliyevin ibtidai istintaqa verdiyi ilkin ifadəsini elan edib. Məlum olub ki, o, istintaqa ifadəsində cinayəti etiraf edib. Renad Əliyev isə istintaqa ilkin ifadəsini təzyiq altında verdiyini deyib.
Proses aprelin 4-də davam edəcək.
İttihama görə, Renad Əliyev ötən il oktyabr ayının 18-də həbs edilib. O, Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.
Renad Əliyevin qardaşı Riyad Əliyev Təfəkkür Universitetinin Kiyev filialının keçmiş rektoru olub. O, Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən İnterpol xətti ilə axtarışa verilib.
Renad Əliyev karatenin şotokan və vado ryu növləri üzrə ikiqat Avropa çempionu, beynəlxalq dərəcəli hakim, Ümumdünya Şotokan Karate Federasiyasının Azərbaycandakı nümayəndəsidir.
Hacı Zeynalov