Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalov, “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, Birliyin sabiq baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov, “Rabitə Mülki Tikinti” MMC-nin direktoru Emin Məmmədov, “Aztelekom” MMC-nin baş mühasibi Oqtay Rüstəmov, “Təmir Təchizat Servis” MMC-nin direktoru Bayram Vəliyev və "Optik Qurğular" İdarəsinin sabiq rəisi Namazalı Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Teleqraf.com-un məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə təqsirləndirilən Bayram Vəliyevin səhhətinin ağır olduğu məlum olub.
Təxminən 40 dəqiqə gec başlayan prosesdə hakim bildirib ki, Bayram Vəliyev yenə də məhkəməyə xərəkdə gətirilib. Hakimin sözlərinə görə, təqsirləndirilən şəxs prosesdə iştirak edə bilmir.
Əfqan Hacıyev qeyd edib ki, təqsirləndirilən şəxsin iştitakı olmadan məhkəmə prosesini davam etdirə bilmərik.
Növbəti proses aprelin 12-ə təyin edilib.
Qeyd edək ki, Bayram Vəliyevin səhhəti son bir ay ərzində pisləşib. Onun belində 18 millimetrlik yırtıq əmələ gədiyi üçün nə yeriyə, nə də otura bilirdi. Buna görə də əməliyyat olunub. Hazırda səhhəti məhkəmə iclasında iştiraka imkan vermir.
Hacı Zeynalov