Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət-Axtarış İdarəsinin sabiq rəisi, general Zakir Nəsirov azadlığa buraxılıb.
"Report"un məlumatına görə, DİN-in sabiq idarə rəisi cəzanın əsas hissəsini çəkdiyi üçün məhkəmə onun azadlığa buraxılması ilə bağlı qərar çıxarıb.
Qeyd edək ki, DİN-in sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov və daha 26 nəfər 2005-ci ilin martın 9-dan 10-a keçən gecə MTN-in həyata keçirdiyi "Qara kəmər" əməliyyatı nəticəsində tutulub.
2007-ci ilin yanvarın 19-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə H.Məmmədova və daha 26 nəfərə hökm oxunub. Onlardan H.Məmmədov və Z.Nəsirova ömürlük həbs cəzası verilib.
Azərbaycan Prezidenti İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında imzaladığı sərəncama əsasən, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2007-ci il 16 yanvar tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 1947-ci ildə anadan olmuş Zakir Nəsirovun cəzası 15 il müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilib.