Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-Texniki İdarənin rəisi, general-mayor Natavan Mirvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə iclası davam edib.
Teleqraf.com-un məlumatına görə, günün ikinci yarısında Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrlik etdiyi prosesdə zərərçəkmiş şəxs qismində Gündüz Əliyev ifadə verib.
O, bildirib ki, mebel istehsalı ilə məşğul olur: "Mənim Arif Kərimov adlı tanışım var. O iş sifarişləri gətirirdi və buna görə ona faiz verirdim".
Zərərçəkmişin sözlərinə görə, 2014-cü ildə Arif Kərimov ona mebel istehsalı ilə bağlı sifariş gətirib: "Mən həmin sifariş üçün 191 min 850 manat aldım. Bu zaman bizim əyləşdiyimiz kafeyə dörd nəfər daxil oldu. Onlar bildirdilər ki, MTN əməkdaşlarıdır və bizi "Sultan" kafesinə apardılar. Orada həmin pulu aldılar və bildirdilər ki, biz qanunsuz fəaliyyətlə məşğul oluruq".
Zərərçəkmiş həmin pulun qaytarılmasını istəyib.
Proses aprelin 13-də davam edəcək.
Hacı Zeynalov