Teleqraf.com xəbər verir ki, hakim Aytən Əliyevanın sədrliyi ilə baş tutan prosesdə dövlət ittihamçısı vəsatət verərək məhkəməyə gəlməkdən imtina edən şahidlərin ifadələrini elan etməyi və bununla kifayətlənməyi təklif edib.
Faiq Əmirlinin vəkili Fəxrəddin Mehdiyev buna etirazla ittiham tərəfinin bütün şahidlərinin dindirilməsində təkid edib: "Biz əvvəl şahidlərin dindirilməsini istəmirdik. Çünki istintaqda dindirilmiş və adları ittiham tərəfinin şahidləri siyahısına salınmış şəxslərin ifadələrinin Faiq Əmirlinin işinə heç bir aidiyyəti yoxdur. Amma onların bir qismi dindiriləndə gördük ki, bu ifadələr bizim xeyrimizədir. Ona görə də bütün şahidlərin dindirilməsində israrlıyıq".
Hakim Aytən Əliyeva vəkilin fikrini nəzərə alaraq prokurorun vəsatətini rədd edib.
Ardınca şahid Rəna Əfəndiyeva ifadə verib. Sənəd itkisi ilə bağlı "Azadlıq" qəzetinə verdiyi elana görə cəmi 2 manat pul ödədiyini deyən şahid Faiq Əmirlini tanımadığını bildirib.
Növbəti proses iyulun 10-da davam edəcək.
Ötən il avqustun 20-də saxlanılan Faiq Əmirli Cinayət Məcəlləsinin 283.1-ci (milli, irqi, sosial və ya dini düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) və 168.1-ci (dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə qrupda iştirak etmə) maddələri ilə ittiham edilir.
Onun avtomobilindən FETÖ rəhbəri Fətullah Gülənə aid kitablar tapılıb.