13 İyul 2017 16:25
860
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mənimsəmə, sənəd saxtalaşdırılması və vergidən yayınmada ittiham olunan "Medi Sina" klinikasının sahibi Muğdət Həşimovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrlik etdiyi prosesdə Müğdət Həşimovun vəkili Elçin Sadıqov vəsatətlə çıxış edib.

O, apelyasiya şikayətinə qismən məhkəmə istintaqı aparılmaqla baxılmasını istəyib. Vəkil həmçinin deputat Cavanşir Paşazadənin məhkəmədə dindirilməsi haqda vəsatət verib.

Vəkil qeyd edib ki, hüquqlarını müdafiə etdiyi Müğdət Hşimovun işdə olan imzaları saxtalaşdırılıb: “Müğdət Həşimov bildirir ki, sənədlərdəki imzalar ona məxsus deyil. Təəssüf ki, birinci instansiya məhkəməsində bu işə baxılarkən imza ilə bağlı ekspertiza təyin olunmadı, məsələyə aydınlıq gətirilmədi. Ekspertiza haqda vəsatət qaldırsaq da, təmin olunmadı. Ona görə vəsatəti yenidən qaldırıram”.

Vəkilin vəsatətləri təmin olunmayıb. “Hacı Mazan” ləqəbi ilə tanınan Ramazan Zeynalovun nümayəndəsi Ciracəddin Kərimov bildirib ki, onlar hökmdən əsasən cəzanın yüngüllüyünə görə narazıdılar: “Müğdət Həşimova ittiham olunduğu iki maddə ilə 20 il də cəza verilə bilərdi”.

Qarşı tərəfin bu tələbinə Müğdət Həşimovun reaksiyası belə olub: “Bu, əməlli-başlı şoudur. Mülki işi gətirib bu həddə çatdırıblar, yenə əl çəkmək istəmirlər. 20 il verin, Allahşükür də, Cavanşir də rahatlaşsın, əl çəksinlər məndən. Mənim də canım bu komediyadan qurtarsın”.

Müğdət Həşimovun vəkili Elçin Sadıqov müdafiə çıxışına hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib.

Proses iyulun 14-də davam edəcək.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Müğdət Həşimov 9 il azadlıqdan məhrum olunub. Məhkəmə onun ittiham olunduğu Cinayət Məcəlləsinin 213-cü (vergidən yayınma) maddəsinə xitam verib.

Hökmdən narazı qalan Müğdət Həşimov və onun vəkili apelyasiya şikayəti verib. Müdafiə tərəfi birinci instansiya məhkəməsinin hökmünün ləğvini və bəraət hökmünün çıxarılmasını istəyib.

Həmçinin zərərçəkmiş Ramazan Zeynalov da apelyasiya şikayəti verərək, təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib.

İttihama görə, Müğdət Həşimov iş adamı Ramazan Zeynalova qarşı (Hacı Mazan) 163 min manatlıq dələduzluq edib.

Ramazan Zeynalov müqavilə əsasında klinikanın yerləşdiyi binanı Müğdət Həşimova icarəyə verib, ancaq icarə haqqını ala bilməyib.

Bundan başqa, Müğdət Həşimov vergi ödəməkdən boyun qaçırıb və külli miqdarda dövlət vəsaitini mənimsəyib.

Xatırladaq ki, Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin dekanı, tənqidçi Elnarə Tofiqqızı adı çəkilən klinikada əməliyyat zamanı vəfat edib. “Medi Sina” klinikasının Səhiyyə Nazirliyindən lisenziya almadığı halda onkoloji əməliyyatın keçirilməsinə razı olmaqla ölümə şərait yaratdığı əsas gətirilərək, klinikaya qarşı cinayət işinin qaldırılmasına qərar verilib və Baş Prokurorluğa təqdimat göndərilib. “Medi Sina” klinikasının bütün əmlakına həbs qoyulub.

Bundan başqa, Ali Məhkəmə zərərçəkən tərəfə mənəvi təzminat ödənilməsi barədə də qərar qəbul edib.

İddiaçı tərəfin maddi təzminatla bağlı tələbini də Yasamal Rayon Məhkəməsi qismən təmin edib və "Medi Sina" klinikası da daxil olmaqla, cavabdehlərin birdəfəlik 9,800 manat, həmçinin Elnarə Tofiqqızının övladlarının 18 yaşına çatana qədər hər birinə 136 manat (ali məktəbə girəcəkləri təqdirdə 23 yaşa qədər) məbləğində aylıq müavinət ödənilməsinə qərar verib.

İddiaçı tərəf təzminatın məbləğindən razı qalmayıb və Bakı Apelyasiya Məhkəməsinə müraciət edib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər