Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə məhrum Gülnaz Sultanovanın anası Leyla Ələkbərova mülki iddia qaldırıb. O, Samir Hacəliyevdən 10 min manat maddi, 15 min manat mənəvi zərərin tutulmasını istəyib. Hakim Leyla Əkbərovanın iddiasını qəbul etməyib.
Daha sonra zərərçəkmişin qızı Reyhan Feyzullayeva da eyni tələblə mülki iddia qaldırıb. Hakim bu mülki iddianı icraata qəbul edib. Bildirib ki, məhkəmə istintaqı dövründə mülki iddia araşdırılacaq.
Sonra məhkəmə istintaqı başlanıb və prokuror ittiham aktını elan edib.
İttihama görə, Samir Hacıəliyev bu il martın 27-də Xaçmaz rayonu, Şimali kəndində 47 yaşlı Gülnaz Sultanovanı baltalayaraq öldürüb. Məlum olub ki, Samir Hacıəliyevin Gülnaz Sultanovanın qızı ilə sevgi münasibətləri olub. O, 2014-cü ildən Gülnaz Sultanovanın evinə gedib-gəlməyə başlayıb. Bu müddətdə onun Gülnaz Sultanova ilə münasibətləri yaranıb. O, sevdiyi qızın anası ilə cinsi əlaqədə olmağa başlayıb.
Hadisə baş verən günü Samir Hacıəliyevlə Gülnaz Sultanovanın arasında mübahisə yaranıb. Mübahisə zamanı Gülnaz Sultanova onu söyərək təhqir edib. Bu isə qanlı cinayət hadisəsi ilə nəticələnib. Cinayəti törədən Samir Hacıəliyev Xaçmaz rayon polis şöbəsinə gələrək təslim olub. O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.
İttihama münasibət bildirən Samir Hacıəliyev özünü qismən təqsirli bilib. O, bildirib ki, hadisə baş verən günü evdə olub və Gülnaz onun anasına zəng edib: "Mənim ünvanıma pis söyüşlər söydü. Dedi ki, nə edirsən? Görüşmək istəyirdi. Məndən telefonu niyə söndürdüyümü soruşdu. Dedim ki yatmışam, ona görə də telefonu söndürmüşəm. Sonra evdən çıxdım və kənddə Gülnazla rastlaşdım. Yenə də məni söydü, onu balta ilə vurdum".
Təqsirləndirilən şəxs deyib ki, qətlə yetirdiyi Gülnaz Sultanovann qızı ilə münasibətləri yaranıb: "Mən onlara gedib-gəlməyə başladım. Qızın nənəsi məni çox istəyirdi. Qızın anası aramızı vurdu. Sonradan bildim ki, Gülnaz məni sevir. Ona dedim ki, məndən əl çək, ayıbdır. Gülnaz məndən əl çəkmirdi, maşın tutaraq arxamca gəzirdi. Dostlarımın yanında məni sevdiyini deyirdi. Deyirdi ki, məni sevməsən, qızımı öldürcəm".
Təqsirləndirilən şəxs qadının onu hadisədən bir gün əvvəl evinə dəvət etməsini belə izah edib: "Gülnazla yeyib-içdik. Sonra məndən əl çəkməsini istədim. Dedi ki, ya mənim olmalısan, ya da səni öldürəcəm. Ona dedim ki, mən qızam ki, sənin olum. Sonra Gülnaz evlələrinə getdi. Onunla görüşməkdə məqəsədim məndən əl çəkməsini istəməyim idi".
Samir Hacıəliyev bildirib ki, mərhuma cəmi bir balta zərbəsi vurub. Ancaq o, mərhumun bədənində 5 balta zərbəsi izinin necə yarandığını izah edə bilməyib: "Mən yola çıxanda qoca anam mənim arxamca çıxdı və dedi ki, nə etdin? Mən polisə gedərək təslim oldum".
Samir Hacıəliyev ifadəsinin sonunda əməlindən peşman olduğunu deyib: "Gülnazın qızı ilə sevgimiz qarşlıqlı idi. İnanırdım ki, həmin qız da məni sevir. Əvvəllər qız bizdə qalıb. Çünki anası onu öldürmək istəyirdi. Qızı bizdə üç gün qalıb. O, mənə deyirdi ki, Samir, anamı evə buraxma. Mən də onu evə buraxmırdım. Məni tutdurmaqla hədələyirdi, amma polisə şikayət etməyib".
Təqsirləndirilən şəxs bildirib ki, Gülnaz Sultanova ilə içki məclislərində olublar: "Bizim bu məclisləri heç kim görməyib. Bu hadisədən bir neçə gün əvvəl Gülnazla cinsi əlaqədə olmuşam. Onunla iki dəfə cinsi əlaqədə olmuşam".
Daha sonra prosesdə qətlə yerilən qadının qızı Reyhan Feyzullayeva dindirilib. O, Bakıda işləyən zaman Samir Hacıəliyevin ona zəng etdiyini bildirib: "Mənimlə tanış olmaq istədiyini söylədi. Dedim, elçi göndər. Rayona gələndə də onunla danışdım. Lakin bizə elçi göndərmədi. Bu barədə anama danışdım. Sonra münasibəti kəsmək istədim. Samir əl çəkmədi, mənə və anama zəng edirdi. Anamla mübahisə edəndən sonra Samirgilə getdim. Orada qaldım. Səhər anam gəldi və mənim evə qaytmağımı istədi. Qayıtmadım, üç gün onlarda qaldım. Həmin vaxtlar Samir mənimlə kobud davranırdı. Anama zəng edəndə telefonu yerə çırpdı. Samir içkili idi. Sonra anamla danışıb, məni aparmasını istədim. Anam gəldi. Lakin Samirin anası getməyimi istəmədi. Anamla evimizə getdim. Samir sonra məni evlərinə aparmaq istədi, razı olmadım. O, çıxıb getdi. Ona bizdə alınmadığını söylədim".
O, dörd il ərzində Samir Hacıəliyevin anası ilə münasibətlərinin olduğunu ifadə edib: "Məni sevə-sevə anamla da münasibət saxlayırdı. Buna görə də xəcalət çəkirəm. Bununa bağlı maraqlandım. Mənə dedilər ki, onların münasibətləri var, guya sən bilmirsən? Həm anamla, həm də Samirlə danışdım. Samir and içdi ki, anamla münasibəti yoxdur. Amma ona inanmadım".
Növbəti proses avqustun 29-da davam edəcək.