Teleqraf.com xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan prosesdə məhkəmə istintaqının tamamlanması təklif edilib. Tərəflər buna etiraz etməyib. Hakimlər məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul ediblər və çıxış etmək üçün dövlət ittihamçısı Vüqar Quliyevə söz verilib.
Dövlət ittihamçısı Mirəziz Əsgərovun 5 il azadlıqdan məhrum edilməsini təklif edib.
İttihama görə, Mirəziz Əsgərov Vidadi Əzizovu İran və digər dövlətlərin xüsusi xidmət orqanları ilə əməkdaşlıqda günahlandıraraq həbs edib. Ondan hədə-qorxu yolu 500 min manat alıb. Bundan sonra Vidadi Əzizov sərbəst buraxılıb.
Daha sonra Mirəziz Əsgərov Vidadi Əzizovun sahibkarlıq fəaliyyətinə mane olmamaq üçün 100 min dollar tələb, amma son nəticədə 40 min manat alıb.
Dövlət ittihamçısı Vüqar Quliyev bildirib ki, zərərçəkmiş Vidadi Əzizov Azərbaycan dövlətinə qarşı 1 milyon 200 min manat, Mirəziz Əsgərova qarşı isə 193 min manat dəyərində mülki iddia qaldırıb: "Zərərçəkmiş dövlətə qarşı iddiasını əsaslandıra bilməyib. Qeyd edib ki, vəzifəli şəxs ona qarşı cinayət törədibsə, dövlət məsuliyyət daşıyır. Vidadi Əzizova qarşı 2012-ci ildə cinayət törədilib və bu müddət ərzində müvafiq qurumlara müraciət etməyib. Yalnız 2015-ci ildə rəsmi müraciət edib. Vətəndaşın şikayəti ilə bağlı ciddi tədbir görülüb. Buna görə də onun dövlətə qarşı mülki iddiası tam rədd edilməli, Mirəziz Əsgərova qarşı iddiası isə baxılmamış saxlanılmalıdır".
Prokuror əlavə edib ki, Mirəziz Əsgərovun üzərinə həbs qoyulmuş əmlakları ilə bağlı tədbir görülməsi məhkəmənin mülahizəsinə buraxılsın.
Zərərçəkmiş Vidadi Əzizovun nümayəndəsi Fəxrəddin Məmmədov bildirib ki, müvəkklinə qarşı törədilən cinayət həm ibtidai istintaq, həm də məhkəmə istintaqı dövründə sübuta yetirilib: "Vidadi Əzizova qarşı mütəşəkkil dəstə tərkibində cinayət törədiıib. Həmin şəxslər vəzifələrindən sui-istifadə edərək bu əməli törədiblər. Buna görə də müliki iddiamız təmin olunmalıdır. Bizi itriham edirlər ki, niyə vaxtında şikayət etməmişik. Eldar Mahmudov nazir olanda kim curət edib ondan şikayət edərdi? Hamı Eldar Mahmudovdan və MTN-dən qorxurdu. Deyirdilər ki, nazirdən şikayət etmək olar?"
Növbəti proses avqustun 4-də davam edəcək.